media-unnamed

Xəbərə verdiyimiz kimi, Ermənistanda rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Ermənistanla “Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə” və geniş spektrli hərbi əməkdaşlıq sənədləri imzaladıqdan sonra quru sərhəddən Türkiyəyə keçmək istəsə də, rəsmi Ankara Bakı ilə məsləhətləşmələrdən sonra buna icazə verməyib.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli məsələ ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, Makronun Ermənistanda “işini” başa vurduqdan sonra nümayişkaranə şəkildə Türkiyəyə keçmək istəyi bir sıra siyasi mesajlar daşıyır.

Onun sözlərinə görə, Fransa prezidenti bununla həm Ermənistanda imzalanmış sənədlərin Fransanın Cənubi Qafqazdakı təsir imkanlarını artırdığını nümayiş etdirməyə, həm də regionun təhlükəsizlik arxitekturasında daha fəal oyunçuya çevrilmək niyyətini göstərməyə çalışıb.

Q.Əlibəyli hesab edir ki, Makronun bu addımı eyni zamanda Türkiyə-Ermənistan sərhədinin açılması prosesində Azərbaycanın rolunu arxa plana keçirmək cəhdi kimi qiymətləndirilməlidir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Ermənistanla sərhədlərin açılması Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Ermənistan tərəfi isə Azərbaycanı bu prosesdə ‘üçüncü tərəf’ kimi təqdim etməyə çalışaraq məsələni yalnız Ankara-İrəvan münasibətləri çərçivəsində həll etməyə üstünlük verir”.

Sabiq deputatın fikrincə, Fransa prezidentinin quru sərhəddən Türkiyəyə keçmək cəhdi sadə diplomatik jest deyil:

“Bu addım Fransanın və şəxsən Makronun sərhədlərin açılması prosesində əsas rol oynadığını nümayiş etdirmək, Azərbaycanın təsir imkanlarını kiçiltmək və nəticədə Bakı ilə Ankara arasında fikir ayrılığı yaratmaq məqsədi daşıyırdı”.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Türkiyə və Azərbaycan prezidentlərinin məsələyə eyni mövqedən yanaşması tamamilə təbiidir:
“Türkiyə prezidentinin Azərbaycan prezidenti ilə məsləhətləşmədən sonra Makronun Ermənistan-Türkiyə sərhədindən keçidinə məhdudiyyət qoyması Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin və koordinasiyalı fəaliyyətinin göstəricisidir. Ərdoğan bununla həm Fransaya, həm də Ermənistana mesaj verdi ki, Cənubi Qafqazla bağlı məsələlərdə Azərbaycanın mövqeyi və maraqları mütləq nəzərə alınmalıdır”.

Sabiq deputat əlavə edib ki, bu yanaşma həm də Fransa-Ermənistan münasibətlərinin strateji tərəfdaşlıq və genişmiqyaslı hərbi əməkdaşlıq istiqamətində inkişafına siyasi reaksiya, eləcə də “Bir millət, iki dövlət” prinsipinin diplomatik praktikada necə işlədiyinin göstəricisi kimi qiymətləndirilə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər