Ramil O

media-17920519345402517498_1200x630

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq diplomatik əlaqələri, dünyada və regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri, eləcə də ekoloji problemlərin həlli baxımından diqqətəlayiq hadisədir. Oktyabrın 15-də keçirilən sammitdə qəbul edilən Bakı Bəyannaməsi siyasi, iqtisadi və ekoloji risklərə qarşı birgə fəaliyyət, dövlətlər arasında etimadın gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi məsələlərini əhatə edir.

Bu fikirləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Ramil Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışının əsas mesajı Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və regional təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi önəmlə bağlı idi. Dövlət başçısı Azərbaycanın sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, ekologiya, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirildiyini vurğuladı.

Tədbirin əsas məqamlarından biri fərqli siyasi və iqtisadi maraqlara malik dövlətlərin ortaq problemləri müzakirə etmək üçün eyni diplomatik platformada bir araya gəlməsidir. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və ətraf mühit məsələləri bir-biri ilə sıx bağlıdır. Buna görə də bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi regional dialoqun praktik nəticələrə çevrilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması da sammitin mühüm nəticələrindəndir. Sammitin beynəlxalq əhəmiyyətini artıran digər istiqamət Asiya ilə Avropa arasında nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafıdır. Qlobal iqtisadiyyatda təchizat zəncirlərinin dayanıqlılığı, alternativ nəqliyyat marşrutları və enerji təhlükəsizliyi getdikcə daha çox əhəmiyyət qazanır. Bu kontekstdə Azərbaycanın coğrafi mövqeyi və Orta Dəhlizdə iştirakı ölkənin regional əməkdaşlıq imkanlarını genişləndirir. Rəqəmsallaşma və süni intellekt də sammitin müzakirə etdiyi müasir çağırışlar sırasındadır.

Bununla yanaşı, sammitin ekoloji gündəliyi Azərbaycanın milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin səviyyəsinin dəyişməsi, su ehtiyatlarının qorunması, biomüxtəlifliyin azalması və çirklənmə riskləri yalnız bir ölkənin sərhədləri daxilində həll edilə biləcək problemlər deyil. Xəzərin sahilyanı dövlətləri arasında elmi məlumatların mübadiləsi, ekoloji monitorinqin əlaqələndirilməsi və birgə tədbirlərin hazırlanması bu problemlərin səbəblərinin və nəticələrinin daha dəqiq qiymətləndirilməsinə kömək edə bilər. Azərbaycan üçün Xəzərin qorunması həm ekoloji, həm də strateji məsələdir. AQEM-in VII Zirvə Görüşünün beynəlxalq əhəmiyyəti Azərbaycanın diplomatik platforma kimi rolunun genişlənməsi, regional əməkdaşlıq imkanlarının müzakirəsi və ortaq problemlər üzrə təşəbbüslərin irəli sürülməsi ilə bağlıdır. Azərbaycanın sədrliyinin uzadılması ölkəyə bu prosesləri davam etdirmək üçün əlavə imkan verir.

Nəticə etibarilə, Bakı sammiti yalnız siyasi dialoq tədbiri deyil, həm də təhlükəsizlik, iqtisadi bağlantılar, rəqəmsal inkişaf və ekologiyanın bir-biri ilə əlaqəli şəkildə müzakirə olunduğu beynəlxalq platformadır. Azərbaycan üçün əsas məsələ bu imkanlardan istifadə edərək regional əməkdaşlığı praktik layihələrlə möhkəmləndirməkdir. Xüsusilə Xəzərin gələcəyi və su təhlükəsizliyi istiqamətində görüləcək işlər sammitin ekoloji gündəliyinin real nəticələrini qiymətləndirmək üçün mühüm göstərici olacaq deyə siyasi şərhçi əlavə edib.

Mələk ONUR,


media-adspc

Bənzər xəbərlər