Argentina millisi İspaniya ilə finalda mübarizə aparacaq
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
ERAmedia xəbər verir ki, finala gedən yolda son dünya çempionu Argentina millisi İngiltərə yığması ilə qarşılaşıb. “Mersedes Bens” stadionunda təşkil olunan görüş Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.
Hesabı 55-ci dəqiqədə İngiltərə millisinin heyətində Antoni Qordon açıb. Argentinalılar əvvəlcə 85-ci dəqiqədə Enzo Fernandesin uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa ediblər. Qələbə qolunun müəllifi isə Lautaro Martines olub. İtaliya “İnter”inin hücumçusu Lionel Messinin ötürməsini başla dəqiq tamamlayıb.
Beləliklə, Argentina millisi finalda İspaniyanın rəqibi olacaq. DÇ-2026-nın həlledici oyunu iyulun 19-da baş tutacaq.









