media-1-1-4

Yazıçı Elçinin “Ox kimi bıçaq” kino-povesti əsasında ekranlaşdırılan “Arxadan vurulan zərbə” filmində “Qurd Cəbrayıl” obrazının yaradılması ilə bağlı maraqlı detallar açıqlanıb.

ERAmedia xəbər verir ki, bu barədə obrazın real prototipi hesab olunan “Qurd Cəbrayıl”ın oğlu Xoşqədəm Cəbrayıloğlu danışıb.

Onun sözlərinə görə, filmdə “Qurd Cəbrayıl”ı canlandıran Xalq artisti Yusif Vəliyev rola maksimum inandırıcılıq qazandırmaq üçün xüsusi hazırlıq keçib. Aktyor bu məqsədlə bir neçə ay Xoşqədəm Cəbrayıloğlunun atası ilə birlikdə vaxt keçirib, onun gündəlik davranışlarını, danışıq tərzini, jestlərini, oturuşunu-duruşunu, hətta nərd oynamaq üslubunu müşahidə edib.

Xoşqədəm Cəbrayıloğlu bildirib ki, atası filmin nümayişini görə bilməyib. Belə ki, o, 1976-cı il mayın 9-da vəfat edib, filmin çəkilişləri isə 1977-ci ildə tamamlanıb.

Onun sözlərinə görə, ekran əsəri yayımlandıqdan sonra tanışları tez-tez ona televizorda atasını gördüklərini deyirdilər. Cəbrayıloğlu qeyd edib ki, Yusif Vəliyev obrazı o qədər dəqiq canlandırmışdı ki, aktyorun ifası ona atasını xatırladırdı.

O, yalnız bir məqama diqqət çəkib. Bildirib ki, filmdə “Qurd Cəbrayıl” bıçaqdan məharətlə istifadə edən şəxs kimi təqdim olunsa da, real həyatda atası daha çox tapançadan sərrast atəş açması ilə tanınıb.

Qeyd edək ki, “Qurd Cəbrayıl” kriminal aləmdə məşhur simalardan biri olub. O, müxtəlif cinayətlərə görə ümumilikdə 70 ildən artıq həbs cəzası alıb, ömrünün 36 ilini həbsxanalarda keçirib. Məlumata görə, o, dörd dəfə cəzaçəkmə müəssisəsindən, bir dəfə isə məhkəmə zalından qaçmağa nail olub.


media-adspc

Bənzər xəbərlər