“ASAN xidmət”də 100 milyonuncu müraciət qeydə alındı
“ASAN xidmət”də 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə əlaqədar tədbir keçirilib.
ERAmedia xəbər verir ki, həmin müraciət yeni doğulmuş İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə edilib. O, övladı üçün Ədliyyə Nazirliyinin həyata keçirdiyi doğumun qeydə alınması xidmətindən yararlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 100 milyonuncu müraciəti edən Göyçək Kamalzadəyə “ABAD”çı tərəfindən hazırlanmış simvolik hədiyyəni təqdim edib.
Bildirək ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “ASAN xidmət” vətəndaş məmnunluğu, şəffaflıq, operativlik və innovativ yanaşma prinsipləri əsasında fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzlərində ümumilikdə 400-ə yaxın xidmət təqdim olunur.
“ASAN xidmət” modeli beynəlxalq səviyyədə də böyük maraq doğurur və bu günədək 35-dən çox ölkəyə ixrac edilərək dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi paylaşılır.










