media-854050327_2279799879536079_7928680386412406163_n
15 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında tədqiqatçı-jurnalist Araz Yaquboğlunun müəllifi olduğu “Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimat mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, tədbirdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək Daşkəndli Aşıq Nəcəfin irsinin milli-mədəni yaddaşın qorunması və Qərbi Azərbaycan məsələsinin elmi-mədəni əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
Hikmət Quliyev qeyd edib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın gələcək inkişaf istiqamətləri və yeni milli ideya ətrafında müzakirələr aktuallaşıb. Otuz il ərzində ölkənin əsas milli hədəfi Qarabağın işğaldan azad edilməsi olub. Zəfərdən sonra isə tarixi yaddaşımızın digər mühüm istiqamətlərinin, o cümlədən Qərbi Azərbaycan məsələsinin sistemli şəkildə araşdırılması və ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət qazanıb.
İnstitut direktoru vurğulayıb ki, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirakı və Qərbi Azərbaycan məsələsi ilə bağlı irəli sürdüyü strateji hədəflər bu istiqamətdə fəaliyyətin yeni mərhələsini müəyyənləşdirib. Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsi tarixi həqiqətlərin öyrənilməsi ilə yanaşı, həmin ərazilərlə bağlı mədəni irsin, kollektiv yaddaşın və milli-mənəvi dəyərlərin qorunmasını da zəruri edir.
Hikmət Quliyevin sözlərinə görə, Qərbi Azərbaycana qayıdış yalnız coğrafi məkana qayıdış kimi məhdudlaşdırıla bilməz. Bu, həm də tarixi yurdlarla bağlı mədəni dəyərlərin, xalq yaradıcılığı nümunələrinin, adət-ənənələrin və kollektiv yaddaşın reaktuallaşdırılması prosesidir. Tarixi məkanın yaddaşda yaşadılması, onunla bağlı mənəvi irsin toplanılması, tədqiqi və gələcək nəsillərə ötürülməsi qayıdış ideyasının elmi-mədəni əsaslarını təşkil edən mühüm istiqamətlərdəndir.
Bu baxımdan Daşkəndli Aşıq Nəcəfin həyat və yaradıcılığının öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Göyçə aşıq mühitinin dəyərli nümayəndələrindən olan Aşıq Nəcəf Dədə Ələsgər məktəbinin davamçısı kimi saz-söz ənənəsinin yaşadılmasında özünəməxsus yer tutub. Onun yaradıcılığı Göyçənin zəngin aşıq mühitini, ustad-şəyird münasibətlərini, xalqın estetik dünyasını və mənəvi dəyərlərini öyrənmək baxımından əhəmiyyətli folklor materialıdır.
Hikmət Quliyev bildirib ki, “Sındırılmış saz, yandırılmış aşıq” kitabı Aşıq Nəcəfin həyat və sənət yolunun araşdırılması, onun adının və yaradıcılıq irsinin yaşadılması baxımından mühüm nəşrdir. Kitabın adı da saz və aşığın taleyi üzərindən bütöv bir mədəni mühitin üzləşdiyi faciəyə işarə edir. Aşıq Nəcəfin faciəli taleyi yalnız bir sənətkarın bioqrafiyası çərçivəsində deyil, Göyçənin tarixi-mədəni yaddaşı, aşıq sənətinin davamlılığı və milli irsin qorunması kontekstində dəyərləndirilməlidir.
İnstitut direktoru vurğulayıb ki, Dədə Ələsgərə, Göyçəyə, Dərələyəzə, Ağbabaya qayıdış həm də folklordan və yaddaşdan keçir. Bu ərazilərlə bağlı dastanlar, rəvayətlər, bayatılar, aşıq şeirləri, mərasimlər və digər folklor nümunələri xalqın tarixi təcrübəsini, məkan təsəvvürlərini və milli kimliyini özündə yaşadır. Folklor nümunələri həmin yerlərin yalnız coğrafi adlarını deyil, xalqın yaddaşında qorunan mənəvi xəritəsini də gələcək nəsillərə çatdırır.
Hikmət Quliyev Qərbi Azərbaycan irsinin kompleks şəkildə öyrənilməsinin vacibliyini də diqqətə çatdırıb. O qeyd edib ki, AMEA-nın aidiyyəti elmi-tədqiqat müəssisələrində Qərbi Azərbaycan irsinin müxtəlif sahələrinin öyrənilməsi istiqamətində müvafiq tədqiqatlar aparılır. Bu işlər tarixi-mədəni irsin sənədləşdirilməsi, elmi dövriyyəyə daxil edilməsi və milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
AMEA Folklor İnstitutunun bu istiqamətdə fəaliyyətinə toxunan Hikmət Quliyev bildirib ki, İnstitutda Qərbi Azərbaycan folklorunun toplanılması, tədqiqi və nəşri üzrə kompleks işlər həyata keçirilir. Folklor nümunələrinin toplanılması və sistemləşdirilməsi, onların elmi təhlili və nəşri tarixi-mədəni irsin qorunmasına xidmət edir. Hazırda “Qərbi Azərbaycan folkloru” seriyasının VII və VIII cildləri nəşrə hazırlanır.
Sonda Hikmət Quliyev qeyd edib ki, Aşıq Nəcəf kimi sənətkarların həyat və yaradıcılığının araşdırılması, onların irsinin elmi dövriyyəyə daxil edilməsi və ictimaiyyətə çatdırılması Qərbi Azərbaycanın mədəni yaddaşının qorunmasına xidmət edir. Bu istiqamətdə aparılan tədqiqatlar həm milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi, həm də Qərbi Azərbaycan irsinin bütöv şəkildə öyrənilməsi baxımından əhəmiyyətlidir.

media-adspc

Bənzər xəbərlər