media-photo_5363929603543603424_x

Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli XX əsrin əvvəllərində yetişmiş azərbaycanlı mənşəli görkəmli hərbçi və kəşfiyyatçı idi.

ERAmedia xəbər verir ki, o, həm Osmanlı, həm də Türkiyə Cümhuriyyəti dövründə mühüm hərbi vəzifələrdə çalışaraq dövlətə xidmət göstərib. Birinci Dünya müharibəsi və Türkiyə İstiqlal müharibəsində fəal iştirak edib, eyni zamanda diplomatik və kəşfiyyat sahəsində mühüm tapşırıqları yerinə yetirib. Sarıkərimli xüsusilə yüksək rütbəli rəhbərlərin etibarını qazanmış peşəkar zabit kimi tanınıb.

Məhəmməd Sarıkərimli və ya Məhəmməd Nuru Bərköz (Türkiyədə Mehmet Nuri Berköz adı ilə tanınıb -red.) 1889-cu ildə Şəkidə doğulub. Şəkidəki rus-tatar məktəbində ibtidai təhsilini başa vurduqdan sonra atası Məhəmməd Hacı İlyas Osmanlı dövlətinə köçməyə qərar verir. Ailə Bursaya yerləşir və qısa müddət sonra Hacı İlyas vəfat edir.

Sarıkərimli qardaşı ilə birlikdə Bursada Hərbi Məktəbə, daha sonra Bursa Ali Hərbi Məktəbinə qəbul olunur. 1909–1912-ci illərdə Osmanlı Hərb Akademiyasında təhsil alır.

1913-cü ilin iyul ayında Osmanlı dövlətinə qayıdır və baş leytenant rütbəsi alır. 1916-cı ilə qədər 33-cü bölük komandiri general Qalatalı Şövkətin əmri zabiti kimi Sarıqamış əməliyyatında iştirak edir. 11 iyul 1916-cı ildən 12 fevral 1917-ci ilədək Qafqaz Ordusunun II korpusunda döyüşür.

1917-ci ilin mart ayında İstanbulda Ənvər paşanın qərargahında kəşfiyyat şöbəsinə təyin edilir. Burada qısa müddət çalışdıqdan sonra gizli pasportla Stokholm və Kopenhagenə, daha sonra Peterburq və Moskvaya kəşfiyyat tapşırıqları ilə göndərilir.

Bu dövrdə türk hərbi əsirlərinin rus əsirləri ilə dəyişdirilməsi məqsədilə Qırmızı Aypara Cəmiyyətinin üzvü kimi Sankt-Peterburqa ezam olunur. Birinci Dünya müharibəsinin sonlarına yaxın mayor rütbəsi alır.

1918-ci ildə Türkiyəyə qayıdır və 24 oktyabr 1919-cu ildə Hərbi Akademiyaya daxil olur. 18 may 1921-ci ildə Türkiyə İstiqlal müharibəsində iştirak etmək üçün Anadoluda fəaliyyətə başlayır. Baş Qərargahda Şərq işləri üzrə müdir, daha sonra Qərb cəbhəsi qərargahında III şöbənin rəisi kimi çalışır. Müharibə dövründə marşal Fevzi Çakmağın rus dili üzrə tərcüməçisi olur.

1921-ci ildə yenidən Hərbi Akademiyadakı təhsilini davam etdirir və 1925-ci ildə akademiyanı bitirir. Daha sonra İzmir Mövqe Komandanlığında kəşfiyyat xidmətinə rəhbərlik edir. 1927-ci ildə Ankarada Milli Müdafiə strukturlarında rəhbər vəzifəyə təyin olunur. 1929-cu ildə alay səviyyəsində xidmət edir, sonrakı illərdə Baş Qərargahın kəşfiyyat sahəsində fəaliyyət göstərir.

30 avqust 1933-cü ildə polkovnik rütbəsi alır. Həmin ilin oktyabr ayında Cümhuriyyətin 10 illiyi münasibətilə keçirilən tədbirlərdə Sovet nümayəndə heyətinə mehmandar təyin olunur. Bu tədbirlərdə və digər rəsmi görüşlərdə Mustafa Kamal Atatürkün şəxsi tərcüməçisi kimi çıxış edir və onun etibar etdiyi zabitlərdən biri kimi tanınır.

1936-cı ildə Moskvada Türkiyənin hərbi attaşesi təyin olunur. 30 avqust 1939-cu ildə briqada generalı, 1941-ci ildə general-mayor, 1946-cı ildə isə general-leytenant rütbəsi alır.

1947-ci ildə Baş Qərargahda əməliyyat sahəsində yüksək vəzifəyə təyin olunur, 1949-cu ildə isə Jandarma Ümumi Komandanlığına gətirilir. 1950-ci ilin iyun ayında təqaüdə çıxsa da, bir həftə sonra – 13 iyunda Milli Təhlükəsizlik Təşkilatının baş katibi vəzifəsinə təyin edilir. 6 sentyabr 1951-ci ildə səhhəti ilə əlaqədar bu vəzifədən ayrılır.

Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli 1975-ci ildə İstanbulda vəfat edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər