media-1770964063_0

ABŞ prezidenti Donald Trampın İrana Hörmüz boğazını açması üçün verdiyi müddətin başa çatmasına az qalmış Tehran rəhbərliyinin iki həftəlik atəşkəsi qəbul etməsi dünyada ümumi rahatlama yaradıb. Uzun müddət danışıqlara qapalı mövqe sərgiləyən İranın bu qərarında hansı amillərin rol oynadığı isə aydınlaşmağa başlayıb.

ERAmedia xəbər verir ki, ABŞ-ın “Axios” xəbər portalının 11 fərqli mənbəyə istinadən yaydığı məlumata görə, İranın mövqeyindəki dəyişiklikdə əsas amil ölkənin yeni dini lideri Müctəba Xamneyinin prosesə birbaşa müdaxiləsi olub.

Məlumata əsasən, ABŞ və İran arasında bazar ertəsi keçirilən təmaslar gərgin başlayıb. ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff İranın təqdim etdiyi 10 maddəlik təklifi “fəlakət” kimi qiymətləndirib.

Gün ərzində pakistanlı vasitəçilər Vitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında layihə sənədlərini daşıyıblar. Türkiyə və Misirdə aparılan diplomatik təmasların da dəstəyi ilə gecə saatlarında iki həftəlik atəşkəs üçün ortaq çərçivə formalaşdırılıb.

Qərarın yekunlaşması üçün diqqətlər bu dəfə İran rəhbərliyinə yönəlib.

Təhlükəsizlik səbəbilə əlaqələrini əsasən dolayı kanallar vasitəsilə saxlayan Müctəba Xamneyinin son iki gün ərzində prosesə birbaşa qoşulduğu bildirilir.

“Axios”a danışan mənbələrin sözlərinə görə, Xamneyi danışıqlar aparan heyətə verdiyi “razılaşın” göstərişi prosesin ən kritik dönüş nöqtəsi olub. Regional mənbələrdən biri bunu belə ifadə edib: “O yaşıl işıq yandırmasaydı, razılaşma mümkün olmazdı”.

Bildirilib ki, Abbas Əraqçi həm danışıqların aparılmasında, həm də İnqilab Keşikçilərini (SEPAH) razı salmaqda mühüm rol oynayıb. Eyni zamanda, Çinin də İrana “çıxış yolu tapması” istiqamətində tövsiyələr verdiyi qeyd olunub.

Trampın “Bu gecə bir sivilizasiya öləcək” kimi sərt açıqlamasından sonra bəzi media orqanları İranın danışıqlardan çəkildiyini iddia etsə də, prosesə yaxın mənbələr bu məlumatları təkzib edərək əksinə, irəliləyiş olduğunu bildiriblər.

Eyni saatlarda Pakistanın baş naziri Şahbaz Şərif sosial media hesabında atəşkəs şərtlərini paylaşaraq tərəflərə çağırış edib.

Tramp atəşkəsi elan etməzdən əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı apararaq razılaşmaya əməl olunacağına dair təminat alıb. Daha sonra Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asım Münir ilə də danışan Tramp prosesi yekun mərhələyə çatdırıb.

Trampın açıqlamasından qısa müddət sonra ABŞ ordusuna əməliyyatların dayandırılması barədə göstəriş verilib.

Tərəflər hazırda Pakistanda keçiriləcək növbəti danışıqlar mərhələsinə hazırlaşır. ABŞ nümayəndə heyətinə vitse-prezident C. D. Vensin rəhbərlik edəcəyi gözlənilir və bu görüşlərin prosesin taleyini müəyyənləşdirəcəyi bildirilir.

İsrailli bir rəsmi isə Netanyahunun İranın nüvə proqramı və ballistik raket fəaliyyəti ilə bağlı ABŞ-dan təminat aldığını iddia edib.

Bununla belə, tərəflər arasında ciddi fikir ayrılıqlarının qalması səbəbindən prosesin hələ də kövrək olduğu və qarşıdurmaların yenidən başlama ehtimalının gündəmdə qaldığı vurğulanır.

Vural


media-adspc

Bənzər xəbərlər