media-3-8-1170x600

Yaxın Şərqdə gərginliyin azalmasına gətirib çıxaran atəşkəs razılaşmasının əldə olunmasında Pakistan, Türkiyə və Çinin aktiv rolu olduğu bildirilir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında qeyd edib ki, bu üç dövlət müharibənin dayandırılması və tərəflərin danışıqlara başlaması üçün davamlı diplomatik səylər göstərib.

Onun sözlərinə görə, tərəflər arasında razılaşmanın əldə olunması məqsədilə Pakistanda – İslamabadda danışıqların təşkili ehtimalı yüksəkdir. Şərhçi vurğulayır ki, Pakistan müharibənin davamından ən çox narahat olan ölkələrdən biridir və bunun bir neçə ciddi səbəbi var.

Birinci səbəb kimi Pakistanın Səudiyyə Ərəbistanı ilə hərbi-siyasi müttəfiqliyi göstərilir. 2015-ci ilin sentyabrında imzalanmış “Birgə Strateji Müdafiə Sazişi” iki ölkə arasında qarşılıqlı hərbi dəstək öhdəliyi yaradır. Bu səbəbdən İranın Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumları İslamabadı çətin seçim qarşısında qoyub.

İkinci mühüm faktor isə sərhəd təhlükəsizliyi ilə bağlıdır. Şahinoğlu bildirir ki, Pakistan rəhbərliyi silahlı bəlucların müharibə fonunda fəallaşaraq İran-Pakistan sərhədində gərginlik yaradacağından ehtiyat edirdi.

Üçüncü səbəb daxili sabitliklə bağlıdır. İranın ali dini liderinin öldürülməsindən sonra Pakistan daxilində şiə icmasının etirazları baş qaldırıb. Nümayişlər zamanı ABŞ və İsrailə qarşı şüarlar səsləndirilib, hətta etirazçılar ABŞ-ın Karaçidəki konsulluğuna daxil olmağa cəhd göstəriblər. Polis müdaxiləsi nəticəsində qarşıdurmalar baş verib, ölən və yaralananlar olub. Bu vəziyyət Pakistan hakimiyyətini müharibənin dayandırılması üçün Vaşinqton və Tehranla dialoqu gücləndirməyə məcbur edib.

Çinin mövqeyinə gəlincə, Pekin də atəşkəsin əldə olunmasında fəal rol oynayıb. Associated Press agentliyinin məlumatına görə, Çin rəhbərliyi İranı ABŞ-la razılaşmaya gəlməyə inandıra bilib. Lakin Bloomberg bildirir ki, Pekində ABŞ-ın İran nefti üzərində nəzarət siyasətindən tam imtina etmədiyi düşünülür və bu, dolayısı ilə Çinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.

Şərhçi əlavə edir ki, Hörmüz boğazının açıq qalması Çin üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Pekin enerji təhlükəsizliyini təmin etmək üçün neft ehtiyatlarını artırmağa çalışacaq.

Eyni zamanda, Şahinoğlunun fikrincə, Çin və Rusiya gələcək mərhələdə İranın hərbi potensialının bərpasına dəstək verə bilər. İran isə neft müqabilində bu ölkələrdən hərbi texnika almağa çalışacaq. Lakin əvvəlki təcrübə göstərir ki, Çindən alınan bəzi hava müdafiə sistemləri müharibə zamanı effektiv olmayıb və ilk günlərdə ABŞ və İsrail tərəfindən zərərsizləşdirilib.

Beləliklə, siyasi şərhçinin qənaətinə görə, əldə olunan atəşkəs müvəqqəti sabitlik yaratsa da, regionda geosiyasi rəqabət və güc balansı mübarizəsi davam edəcək.

Vural


media-adspc

Bənzər xəbərlər