media-iran-abd-hurmuz-basra-copl_cover

ABŞ və İran arasında baş verən gərgin qarşıdurmanın gözlənilən “sivilizasiyanın məhvi” və ya “daş dövrünə qayıdış” ssenarisi reallaşmadı. Əldə olunan atəşkəs fonunda hər iki tərəf özünü qalib kimi təqdim edir.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələ ilə bağlı açıqlamasında bildirib ki, ilkin mənzərə İranın bu prosesdən daha güclü mövqedə çıxdığını göstərir. Onun sözlərinə görə, atəşkəsin detalları hələ tam açıqlanmasa da, bəzi mühüm məqamlar diqqət çəkir.

“Hazırkı görüntü ondan ibarətdir ki, İran danışıqlar masasında müəyyən şərtləri diktə edə bilən tərəf kimi çıxış edir. Hətta dəymiş zərərin ödənilməsi, İsrailin Livana hücumlarının dayandırılması və uranın zənginləşdirilməsi məsələlərinin gündəmə gəlməsi barədə məlumatlar var. Bu, ilk baxışdan ağlasığmaz görünsə də, reallıqda belə bir tablo formalaşıb”, – deyə o qeyd edib.

Ekspert hesab edir ki, ABŞ hərbi baxımdan ciddi təzyiq göstərsə də, İran rejimini kapitulyasiyaya məcbur edə bilməyib. Onun fikrincə, bunun əsas səbəbi İranın uzunmüddətli müqavimət strategiyası və siyasi sabitliyi qoruyub saxlaya bilməsidir.

“İran bu nəticəyə hərbi qələbə ilə yox, dirəniş göstərərək, böyük itkilərə baxmayaraq idarəetməni itirməməsi hesabına nail oldu. Hörmüz boğazı faktoru və hərbi infrastrukturun böyük hissəsinin yeraltına daşınması da mühüm rol oynadı. Görünür ki, ABŞ və İsrail hücumdan əvvəl bəzi hesablamalarda yanılıblar”, – deyə Osman Gündüz vurğulayıb.

Onun sözlərinə görə, bu prosesin ən maraqlı tərəfi İranın nəticə etibarilə regionda çəkisi artmış və supergüc qarşısında tab gətirmiş ölkə kimi çıxış edə bilməsidir.

Ekspert əlavə edib ki, qarşıdakı dövrdə əsas müzakirə mövzularından biri də məhz bu nəticənin necə əldə olunması olacaq: “Bu müharibənin belə sonluqla başa çata biləcəyini hansı yerli, regional və qlobal siyasətçilərin əvvəlcədən proqnozlaşdıra bildiyi də maraq doğurur”.

Osman Gündüz Pakistanın atəşkəslə bağlı səylərini də xüsusi qeyd edib və bunun Azərbaycan üçün dost ölkənin mühüm diplomatik addımı olduğunu bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər