Autizmli gənclər iş təcrübələrini bölüşüblər
“Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan I Beynəlxalq İnklüziv Məşğulluq Konfrans çərçivəsində “Autizmli gənc əməkdaşlar iş təcrübələrini bölüşürlər” adlı dördüncü panel sessiya keçirilib.
ERAmedia xəbər verir ki, panelə İctimai Birliyin nümayəndəsi Nərmin Rəhimli moderatorluq edib.
“Kaşalata kafe”də çalışan Əziz Qəmbərov çıxışında əvvəlcə “Birgə və Sağlam” İctimai Birliyində bir il könüllü kimi fəaliyyət göstərdiyini deyib. O bildirib ki, işi korporativ və yaxud başqa işləri hazırlamaqdan ibarətdir. Bununla yanaşı, o, insanları inklüzivlik anlayışı barədə maarifləndirir.
AZAL-ın inklüziv əməkdaşı Rəşad Əfəndizadə iş yerində əməkdaşların onunla rəftarından məmnun olduğunu diqqətə çatdırıb. O deyib ki, gündəlik işi sənədlərin skan edilməsindən və onların qruplaşdırılmasından ibarətdir.
“Gen İlaç” şirkətinin inklüziv əməkdaşı İdil Dənizli əvvəlcə mətbəxdə işləmək üçün müxtəlif yerlərə müraciət etdiyini bildirib. Lakin o, müraciətlərinə müsbət cavab almayıb. Sonra “Gen İlaç” şirkətinin autizmli şəxslər üçün yeni layihəyə başladığını eşidib. Onunla ilk müsahibə onlayn keçirilib. Daha sonra üzbəüz görüşə dəvət olunub. Müsahibədən keçdikdən sonra işə qəbul edilib. İşə uyğunlaşmağı üçün bütün şərait yaradılıb və iş mühiti əvvəlcədən onun üçün hazırlanıb. Nəticədə onun özünə inamı artıb.
Daha sonra professor Atilla Cavkaytar autizmli şəxslərin məşğulluğa və müstəqil həyata hazırlanması mövzusu ətrafında məruzə ilə çıxış edib.










