media-1764220672_5276149603113832586

Avropa Parlamenti Ukraynaya 90 milyard avro həcmində kreditin ayrılmasını təsdiqləyib.

ERAmedia xəbər verir ki, bu barədə qurumun sədri Roberta Metsola “X” sosial şəbəkəsində paylaşım edib.

“Bugünkü mühüm səsvermə nəticəsində 90 milyard avroluq kredit təsdiqləndi və bu, Ukraynaya həyati əhəmiyyətli dəstək verəcək”, – deyə Metsola bildirib.

Avropa Parlamentinin rəsmi saytında yayımlanan məlumata görə, vəsaitin 30 milyard avrosu makromaliyyə yardımı və ya dövlət büdcəsinə dəstək məqsədilə Avropa İttifaqının (Aİ) “Ukraine Facility” mexanizmi çərçivəsində ayrılacaq. Qalan 60 milyard avro isə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi texnikanın alınmasına yönəldiləcək.

Kreditin lehinə 458 deputat səs verib, 140 nəfər əleyhinə çıxıb, 44 deputat isə bitərəf qalıb.

“Politico” nəşri qeyd edib ki, Avropa Parlamentinin təsdiqi Ukraynanın ilk tranşı alması üçün son maneəni aradan qaldırır.

Qeyd olunub ki, silah alışları zamanı Ukrayna öz istehsalçılarına, eləcə də Aİ, Avropa İqtisadi Zonası və Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrin təchizatçılarına üstünlük verməlidir. Əgər zəruri müdafiə materialları bu ölkələrdə dərhal mövcud olmazsa, digər ölkələrdən alış üçün xüsusi istisnalar tətbiq ediləcək.

Maliyyələşmə “sərt şərtlər” əsasında həyata keçiriləcək. Bu şərtlər Ukraynanın demokratik idarəetməyə, qanunun aliliyinə və insan hüquqlarının, o cümlədən azlıqların hüquqlarının qorunmasına sadiqliyini nəzərdə tutur.

Kreditin qüvvəyə minməsi üçün Aİ Şurasının təsdiqi tələb olunur. Avropa Parlamentinin məlumatına əsasən, ilk tranşın 2026-cı ilin ikinci rübünün əvvəlində köçürülməsi üçün Şura dəstək paketini təsdiqləməlidir.

Borc Aİ-nin birgə borclanma mexanizmi vasitəsilə cəlb olunacaq və ittifaqın uzunmüddətli büdcəsinin “təhlükəsizlik ehtiyatı” ilə təmin ediləcək. Borca xidmət xərcləri də həmin büdcədən qarşılanacaq.

Avropa Komissiyası 2027-ci il üçün borca xidmət xərclərini təxminən 1 milyard avro, 2028-ci ildən etibarən isə illik təxminən 3 milyard avro səviyyəsində qiymətləndirib. Bildirilib ki, Ukrayna əsas borc məbləğinin qaytarılmasına Rusiyadan reparasiyalar əldə etdikdən sonra cavabdeh olacaq.

Vural


media-adspc

Bənzər xəbərlər