media-vuqar_vugar_bayramov_yeni

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin qəbulu zamanı çıxışında Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlarından danışaraq, bu qurum daxilində baş vermiş korrupsiya qalmaqalını da xatırladıb.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Prezidentin çıxışında nəzərdə tutduğu şəxs Avropa Parlamentinin keçmiş vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailidir.

Deputatın sözlərinə görə, Eva Kailinin adı 2022-ci ildə Avropa Parlamentində baş vermiş böyük korrupsiya qalmaqalı ilə bağlı istintaqda hallanıb və o, həmin ilin dekabrında həbsdən azad edilib.

Vüqar Bayramov qeyd edib ki, istintaq çərçivəsində aparılan axtarışlar zamanı Kailinin evindən və Avropa Parlamentindəki iş otağından böyük məbləğdə nağd pul aşkarlanması beynəlxalq mediada geniş işıqlandırılıb. Aşkarlanan vəsaitin ümumi məbləğinin 1 milyon 580 min avro olduğu bildirilib.

Deputat vurğulayıb ki, məsələnin diqqət çəkən tərəflərindən biri də Eva Kailinin əvvəllər Azərbaycana münasibətdə sərt və tənqidi mövqeyi ilə çıxış etməsidir.

“Azərbaycana qarşı müxtəlif ittihamlarla çıxış edən, ölkəmizlə bağlı qərəzli mövqeyi ilə seçilən bir siyasətçinin özünün korrupsiya qalmaqalının mərkəzində yer alması ciddi suallar doğurur. Avropa Parlamentində aşkarlanan böyük məbləğdə nağd vəsait bu qurumun daxilində şəffaflıq və korrupsiya ilə bağlı problemlərin müzakirəsini zəruri edir”, – deyə Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır” fikri də məhz bu kimi qalmaqallar fonunda səsləndirilib.

Vüqar Bayramov əlavə edib ki, ikili standartlar yalnız ayrı-ayrı siyasi bəyanatlarda deyil, bəzi hallarda Azərbaycana qarşı aparılan kampaniyalarda da özünü göstərir. Deputatın fikrincə, bu cür kampaniyaların arxasında hansı maraqların və maliyyə mənbələrinin dayandığının araşdırılması mühüm əhəmiyyət daşıyır.

“Bu gün inkişaf etmiş ölkələrdə və beynəlxalq siyasi institutlarda korrupsiya və çirkli pulların siyasi məqsədlər üçün istifadəsi ilə bağlı iddialar hələ də gündəmdədir. Ona görə də Azərbaycana qarşı hər hansı ittiham səsləndirilərkən həmin ittihamı irəli sürən tərəfin özündə şəffaflıq və qanunun aliliyi baxımından vəziyyətə də obyektiv yanaşmaq lazımdır”, – deyə deputat vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər