Avropada casusluq QALMAQALI: Yüksək vəzifəli diplomatın evindən dövlət sirləri tapıldı
İsveçdə yüksək vəzifəli diplomatın evində məxfi dövlət sənədlərinin aşkarlanması ölkədə geniş rezonans doğurub. Milli təhlükəsizliklə bağlı məlumatlardan qanunsuz istifadə etməkdə ittiham olunan diplomat barəsində istintaq davam edir, o isə bütün ittihamları rədd edir.
ERAmedia xəbər verir ki, İsveç Radiosunun yaydığı məlumata görə, İsveç Xarici İşlər Nazirliyində çalışan yüksək rütbəli diplomat ötən il İsveç Təhlükəsizlik Xidməti (SAPO) tərəfindən saxlanılıb.
Aparılan axtarışlar zamanı diplomatın həm evində, həm də yay iqamətgahında dövlətə məxsus məxfi sənədlər aşkar edilib.
Məlumatda bildirilir ki, diplomat İsveçin milli təhlükəsizliyi üçün əhəmiyyət daşıyan məlumatları qanunsuz şəkildə istifadə etməkdə ittiham olunur.
Rəsmilər hadisənin ölkə təhlükəsizliyi baxımından həssas istintaq çərçivəsində araşdırıldığını qeyd ediblər.
Prokurorluq tərəfindən məhkəmə prosesinə başlanıldığı bildirilir. İddialara görə, diplomat Xarici İşlər Nazirliyində işlədiyi müddətdə bəzi məxfi sənədləri götürərək evinə aparıb.
İstintaq sənədlərin məzmunu və onların hansı məqsədlə istifadə edildiyi üzərində cəmləşib.
Barəsində cinayət işi açılan diplomat isə ona qarşı irəli sürülən bütün ittihamları qəbul etmir.
İsveç ictimaiyyəti hazırda məhkəmə prosesinin gedişini və ortaya çıxacaq yeni detalları diqqətlə izləyir.
Vüsalə










