media-469a5ed7-6afa-46dc-99c5-d343e68ee854
media-bant_master

Ərzaq xərcləri Avropada ev təsərrüfatlarının ümumi xərcləri arasında ən böyük yerlərdən birini tutur. Avropa İttifaqı (Aİ) üzrə orta hesabla ərzaq xərcləri ümumi xərclərin 11,9 faizini təşkil edir. Rumıniya kimi bəzi ölkələrdə isə bu göstərici 20 faizə qədər yüksəlir.

ERAmedia xəbər verir ki, Avropa üzrə ərzaq qiymətləri ölkələr arasında ciddi fərqlər yaradır. Bu fərqləri müqayisə etmək üçün “Eurostat”ın ərzaq qiymətləri səviyyəsi indeksi mühüm göstərici hesab olunur.

İndeks Aİ üzrə orta qiymətli bir ərzaq səbətini 100 avro kimi qəbul edir və eyni səbətin ayrı-ayrı ölkələrdə nə qədər xərc tələb etdiyini göstərir. İndeksin 100-dən yuxarı olması ölkədə ərzağın Avropa orta göstəricisindən baha, 100-dən aşağı olması isə daha ucuz olduğunu göstərir.

“Eurostat” məlumatlarına əsasən, 2024-cü ildə 36 Avropa ölkəsi arasında ərzaq qiymətlərinin ən aşağı olduğu ölkə Şimali Makedoniya olub. Bu ölkədə standart ərzaq səbətinin qiyməti 73 avro təşkil edib ki, bu da Aİ ortalamasından 27 faiz ucuzdur.

Ən bahalı ölkə isə İsveçrə olub. İsveçrədə ərzaq qiymətləri Aİ orta göstəricisindən 61,1 faiz yüksəkdir və eyni səbətin dəyəri 161,1 avroya çatıb.

Şimali Makedoniya Aİ üzvü olmasa da, namizəd ölkə statusuna malikdir və Aİ ilə aktiv ticarət razılaşmaları mövcuddur. İsveçrə isə Avropa İqtisadi Məkanına daxil deyil və Aİ ilə münasibətlərini ikitərəfli sazişlər şəbəkəsi vasitəsilə davam etdirir.

Avropa İttifaqı daxilində ərzağın ən ucuz olduğu ölkə Rumıniya olub. Bu ölkədə ərzaq səbətinin qiyməti 74,6 avro təşkil edib və Aİ orta göstəricisindən 25,4 faiz aşağı olub. Ən bahalı Aİ ölkəsi isə 125,7 avro ilə Lüksemburqdur ki, bu da Aİ orta göstəricisindən 25,7 faiz yüksək deməkdir.

İsveçrədən sonra Avropa Azad Ticarət Assosiasiyasına (EFTA) daxil olan İslandiya (146,3 avro) və Norveç (130,6 avro) də ən bahalı üç ölkə sırasında yer alıb.

EFTA ölkələri Aİ üzvü olmasalar da, ticarət və bazara çıxış başda olmaqla bir çox sahədə Aİ ilə əməkdaşlıq edir, eyni zamanda qanunvericilik, sərhədlər və siyasət üzərində daha geniş milli nəzarəti qoruyub saxlayırlar.

Aİ ortalaması ilə müqayisədə ərzaq qiymətləri ən azı 10 faiz yüksək olan ölkələr arasında Danimarka (119,3 avro), İrlandiya (111,9), Fransa (111,5), Avstriya (110,9) və Malta (110,9) yer alır.

Ümumi mənzərəyə baxdıqda, Cənub-Şərqi Avropa və Qərbi Balkan ölkələri ərzaq qiymətlərinin ən aşağı olduğu bölgələr kimi önə çıxır.

Şimali Makedoniya və Rumıniya ilə yanaşı, Türkiyə (75,7 avro), Bosniya və Herseqovina (82,5), Monteneqro (82,6) və Bolqarıstan (87,1) Aİ ortalamasından xeyli aşağı səviyyədədir. Serbiya (95,7) və Albaniya (98,7) da Aİ oorta göstəricisindən daha ucuz ölkələr sırasında yer alır.

Aİ-nin “böyük dördlük” iqtisadiyyatları arasında İtaliyada (104) və Almaniyada (102,9) ərzaq qiymətləri Aİ orta göstəricisindən yuxarıdır. İspaniyada isə ərzaq qiymətləri 94,6 avro ilə ortalamadan 5,4 faiz aşağı səviyyədədir.

Mərkəzi və Şərqi Avropanın bir çox ölkəsində (Slovakiya, Polşa, Çexiya və Macarıstan daxil olmaqla) ərzaq qiymətləri Aİ orta göstəriciyə yaxın və ya ondan aşağı olaraq qalır. Qərbi Avropa ümumilikdə daha bahalıdır, Skandinaviya ölkələri isə Avropada ən yüksək ərzaq qiymətlərinə malik regionlar arasında yer alır.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər