Ayaz Vəfalı vəfat edib
Tanınmış şair, tərcüməçi, uzun müddət “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuş Ayaz Vəfalı vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə onun həmkarları bildiriblər.
Ayaz Rza oğlu Cəfərov (Ayaz Vəfalı) 1937-ci il aprelin 1-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1954-1959-cu illər ərzində ADU-nun Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında başlayıb: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976).
“Ulduz” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996-2014-cü illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru olub.
Ayaz Vəfalı bədii yaradıcılığa “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlayıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirib və “Füzuli və folklor” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
O, müxtəlif illərdə işıq üzü görən “İllər və nəsillər” (1964), “Ürək və od” (1968), “Turacın mahnısı” (1973), “Bəlkə onda öyrənmişik” (1979), “Özü oda yana-yana” (1988) və s. şeirlər kitabının, “Füzuli öyrədir” (1977), “Sənətkar və xalq” (1983) və “Füzuli xəlqiliyi” (1994) elmi-tədqiqat əsərlərinin müəllifidir.
Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin “Leyli və Məcnun”, Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun “Kor qadın” poemalarını, rus yazıçısı A. Çakovskinin “Qələbə” siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət “Atalar sözü-ağlın gözü” kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə edib.
Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi (2007) fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!










