Ayda böyük kəşf: Alimlər 2 yeni mineral aşkar etdi
Çinli alimlərin Ay səthindən toplanmış nümunələr üzərində apardıqları tədqiqatlar nəticəsində əvvəllər məlum olmayan iki yeni mineralın aşkar edildiyi bildirilib.
ERAmedia xəbər verir ki, “Global Times” qəzetinin məlumatına görə, kəşf Sıçuan əyalətinin Çendu şəhərində keçirilən 11-ci Çin Kosmos Günü açılış mərasimində elan olunub.
“Çanq’e-5” kosmik aparatı tərəfindən toplanmış qaya və torpaq nümunələrində aşkarlanan fosfat minerallarına “magnezioçanqizit-(Y)” və “çanqizit-(Ce)” adları verilib.
Nadir torpaq fosfatları kateqoriyasına aid olan bu minerallar Beynəlxalq Mineralogiya Assosiasiyasının Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən təsnif edilərək təsdiqlənib.
Beləliklə, bu iki mineral Çinin Ay nümunələrində aşkar etdiyi ikinci və üçüncü yeni mineral kimi qeydə alınıb. Çinli alimlər bundan əvvəl, 2022-ci ilin sentyabr ayında Ay nümunələrində “çanqizit-(Y)” adlı fosfat mineralını kəşf etdiklərini açıqlamışdılar.
Son kəşflərlə birlikdə Ayda indiyədək aşkar edilən mineral sayı 8-ə çatıb. Çindən əvvəl isə ABŞ və Rusiya Ay səthindən qaya və torpaq nümunələri toplayaraq bu sahədə ilkin tədqiqatlara rəhbərlik ediblər.
Qeyd edək ki, Çin Ay səthindən nümunələr toplamaq məqsədilə ilk “Çanq’e-5” missiyasını 2020-ci ilin noyabr ayında həyata keçirib, kosmik aparat topladığı 1,73 kiloqram qaya və torpaq nümunəsi ilə 2020-ci ilin dekabr ayında Yerə qayıdıb.
Vural










