media-17511986663242940237_1200x630

Türkiyə–Azərbaycan qardaşlığının yorulmaz müdafiəçisi, professor Aygün Attar sosial şəbəkələrdəki troll hesabların təhqirlərindən sonra bu dəfə ABŞ-dakı erməni diasporasının tənqidlərinin hədəfi olub.

ERAmedia xəbər verir ki, sosial şəbəkələrdəki hücumlardan sonra ABŞ-da erməni diasporuna bağlı nəşrdə də diqqətçəkən məqalə dərc olunub. Türkiyə–Azərbaycan qardaşlığını və Türk dünyasının birliyini müdafiə edən professor Aygün Attarın akademik araşdırması beynəlxalq müzakirə mövzusuna çevrilib.

Son dövrlərdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərini zəiflətməyə yönəlmiş sosial şəbəkə paylaşımları diqqət çəkir. Eyni zamanda, iki ölkə arasındakı birliyin möhkəmləndirilməsi uğrunda illərdir mübarizə aparan şəxslər də hədəfə alınır.

Bu şəxslərin başında həyatını Türkiyə–Azərbaycan qardaşlığına, Türk dünyasının inteqrasiyasına və Turan məfkurəsinə həsr etmiş Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar gəlir.

Siyasi tarix sahəsində akademik fəaliyyəti, dövlət idarəçiliyindəki təcrübəsi və millətçi kimliyi ilə tanınan Attarın xüsusilə son dövrlərdə sosial şəbəkələrdə anonim və troll hesablar tərəfindən təhqiramiz paylaşımlara məruz qaldığı bildirilir.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin sosial şəbəkə təxribatlarının qurbanına çevrilməməli olduğunu hər fürsətdə vurğulayan Attar, iki dövlət arasındakı qardaşlığı tarixi həqiqətlər, ortaq milli kimlik və strateji maraqlar əsasında müdafiə edən açıqlamaları ilə seçilir.

Lakin bu dəfə diqqətçəkən hadisələr yalnız sosial şəbəkələrlə məhdudlaşmayıb. Attarın erməni diasporunun siyasi təsirini sorğulayan akademik araşdırması ABŞ-da nəşr olunan və Daşnaksütyun ənənəsi ilə əlaqəli qəzetin tənqidinə məruz qalıb.

2026-cı il oktyabrın 20-də ABŞ-da nəşr olunan, Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) ilə əlaqəli “The Armenian Weekly” qəzetində Harut Sassounianın imzası ilə diqqətçəkən məqalə dərc edilib.

Erməni əsilli amerikalı jurnalist, naşir və diaspor fəalı Harut Sassouniyan “Türkiyənin araşdırma mərkəzi Paşinyanı dəfələrlə tərifləyir və diasporanı tənqid edir” başlıqlı yazısında Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) Ermənistan və erməni diasporası ilə bağlı yayımladığı təhlilləri tənqid edib.

Sassouniyanın məqaləsində ilk növbədə yer verdiyi araşdırma isə professor Aygün Attarın 2026-cı il sentyabrın 14-də dərc olunan “Diasporanın ambisiyaları ilə dövlət yaddaşı arasında qalan Ermənistan” sərlövhəli analitik yazısı olub.

Attar həmin araşdırmasında Ermənistanın suveren dövlət kimi üzərinə düşən məsuliyyətlərlə diaspora təşkilatlarının tarixi və ideoloji gözləntiləri arasındakı ziddiyyətlərə diqqət çəkib.

Ermənistanın gələcəyinin ölkə xaricində fəaliyyət göstərən diaspor təşkilatlarının siyasi tələblərindən daha çox, Ermənistan vətəndaşlarının təhlükəsizlik, rifah və suverenlik ehtiyacları əsasında müəyyənləşdirilməli olduğunu müdafiə edən Attarın yanaşması Sassounianın tənqidlərinin mərkəzində dayanıb.

Sassouniyan Türkiyə və Azərbaycanın Ermənistanın Baş naziri Nikol Paşinyanın bəzi siyasətlərinə müsbət yanaşmasını həmin siyasətlərin Ermənistanın maraqları baxımından sorğulanmalı olduğuna dəlil kimi göstərib.

Halbuki Attarın təhlilində vurğulanan əsas məqam dövlətlərin milli maraqlarının qonşularla davamlı qarşıdurma üzərindən deyil, suverenlik hüquqları, təhlükəsizlik ehtiyacları və dəyişən geosiyasi şərait nəzərə alınmaqla qiymətləndirilməsinin vacibliyi olub.

ABŞ-dakı diaspor mətbuatının Attarın məqaləsinə geniş yer verməsi Cənubi Qafqazın gələcəyi ilə bağlı akademik müzakirələrin beynəlxalq miqyasını da ortaya qoyub.

Professor Aygün Attar yalnız aktual siyasi müzakirələrdəki açıqlamaları ilə deyil, uzun illərə söykənən akademik fəaliyyəti ilə də tanınır.

Siyasi tarix üzrə mütəxəssis olan Attar 1915-ci il hadisələri ilə bağlı qondarma “erməni soyqırımı” iddialarını tarixi sənədlər və akademik araşdırmalar çərçivəsində tənqidi şəkildə nəzərdən keçirən çoxsaylı elmi əsərlərin müəllifidir.

Erməni məsələsinin tarixi, siyasi və beynəlxalq münasibətlər aspektlərini araşdıran Attar tarixi iddiaların elmi metodlarla və arxiv sənədləri əsasında qiymətləndirilməsinin vacibliyini müdafiə edib.

Attarın akademik fəaliyyətinin digər mühüm istiqamətlərindən birini isə İranın etnik və siyasi quruluşu təşkil edir.

Təxminən iyirmi il əvvəl Türkiyədə nəşr olunan “İranın etnik quruluşu” kitabının müəllifi olan Attar əsərində İranın etnik və demoqrafik strukturunu tarixi və siyasi aspektlərdən araşdırıb.

İranın etnik müxtəlifliyi, regional kimliklər və bu amillərin dövlət siyasəti ilə əlaqəsinə həsr olunan tədqiqat İran və Cənubi Qafqaz üzrə araşdırmalar aparanlar üçün mühüm mənbə kimi qiymətləndirilir.

Vüsalə

 


media-adspc

Bənzər xəbərlər