Aygün Attardan Avropa Parlamentinin sədrinə sərt AÇIQ MƏKTUB
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar Avropa Parlamentinin sədri Roberta Metsolaya açıq məktub ünvanlayıb.
ERAmedia xəbər verir ki, Aygün Attar məktubunda Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı aparılan siyasəti və son dövrdə baş verən hadisələri sərt tənqid edib.
Aygün Attar qeyd edib ki, Metsola 2022-ci ildə Avropa Parlamentosunun sədri seçiləndə daha ədalətli və qərəzsiz siyasət gözləyib. Lakin onun sözlərinə görə, Metsola rəhbərlik etdiyi müddətdə Azərbaycana qarşı əsassız və qərəzli qərarlar qəbul edib.
Məktubda bildirilir ki, Avropa Parlamenti son beş ildə Azərbaycan əleyhinə dəfələrlə qərar qəbul edib və bu, ikili standartların göstəricisidir. Aygün Attar vurğulayıb ki, Azərbaycan Prezidentinin də seçkilərlə hakimiyyətə gəldiyini nəzərə almadan ölkənin daxili işlərinə müdaxilə edilməsi qəbuledilməzdir.
O, həmçinin 30 il davam edən işğal dövründə 1 milyondan çox azərbaycanlının qaçqın düşməsi ilə bağlı Avropa Parlamentinin hər hansı ciddi mövqe ortaya qoymadığını xatırladıb. Attar, Qarabağ müharibəsindən sonra Azərbaycanın legitim addımlarına qarşı qəbul edilən qərarları isə riyakar siyasət kimi qiymətləndirib.
Məktubda Avropa Parlamentinin insan hüquqları ilə bağlı yanaşmasına da toxunulub. Attar bildirib ki, Fransa, Almaniya və Yunanıstanda baş verən hadisələrə eyni münasibət göstərilməməsi açıq şəkildə ikili standartdır.
Sonda Attar Avropa Parlamentini əsas vəzifələrindən yayınmaqda ittiham edib və qurumun Azərbaycan və Türkiyəyə qarşı mövqeyinin lobbi təsiri altında formalaşdığını qeyd edib.
Vüsalə










