Azərbaycan artıq beynəlxalq münasibətlərdə söz sahibi, ədalətli və qətiyyətli tərəfdaş kimi qəbul olunur-Anar Eminov
Müasir dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlətimizin beynəlxalq arenada qazandığı etimad və nüfuz, eləcə də regionda formalaşdırdığı yeni reallıqlar bir şəxsiyyətin – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən və prinsipial siyasətinin nəticəsidir.
ERAmedia xəbər verir ki, bu sözləri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov deyib. Rektor bildirib ki, Azərbaycanın iqtisadi gücünün artması, ordu quruculuğunun diqqətdə saxlanılması, dövlət idarəçiliyində şəffaflığın prioritet olması Prezident İlham Əliyevin siyasi xəttinin əsas istiqamətlərindəndir. Məhz bu sabit və düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycan regional və qlobal miqyasda söz sahibidir.
Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti hər zaman milli maraqlara əsaslanıb. Dövlət başçısının ardıcıl və düşünülmüş xarici siyasət strategiyası sayəsində Azərbaycan öz mövqeyini beynəlxalq arenalarda qətiyyətlə bildirir, diplomatik sahədə bərabərhüquqlu tərəfdaşlıq nümayiş etdirir.
Bu siyasətin nəticəsində Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlər qurub. Dövlət başçısının hər zaman səsləndirdiyi “Milli dəyərlər hər şeydən üstündür!” fikri bu gün Azərbaycanın diplomatik uğurlarının əsas dayağına çevrilib.
2020-ci ilin payızında Prezident İlham Əliyevin qətiyyətli iradəsi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu qələbə yalnız hərbi uğur deyil, həm də müdrik siyasi strategiyanın, xalq-ordu-dövlət birliyinin təntənəsi idi.
Müzəffər Ali Baş Komandan beynəlxalq təzyiqlərə, diplomatik manipulyasiyalara və informasiya müharibələrinə baxmayaraq, öz yolundan dönmədi, torpaqlarımızın azad olunmasını təmin etdi. Bu gün regionda yaranmış yeni reallıqlar – Zəngəzur dəhlizinin açılması perspektivi, enerji və nəqliyyat layihələrinin genişlənməsi – məhz İlham Əliyevin uzaqgörən siyasətinin davamıdır.
Ötən ilin sonu baş verən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması beynəlxalq miqyasda ciddi rezonans doğurdu. Hadisə həm Azərbaycan ictimaiyyətində, həm də beynəlxalq aləmdə təəssüf və narahatlıqla qarşılandı.
Lakin Azərbaycan dövlətinin prinsipial mövqeyi, Prezident İlham Əliyevin qətiyyətli diplomatik addımları nəticəsində bu məsələ qısa müddətdə siyasi və hüquqi müstəvidə həllini tapdı.
Oktyabrda Tacikistan paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə hadisənin “səhvən baş verdiyinin” etiraf edilməsi Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin və dövlət nüfuzunun parlaq təzahürüdür.
Bu fakt bir daha sübut etdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlərdə söz sahibi, ədalətli və qətiyyətli tərəfdaş kimi qəbul olunur. Heç bir hadisə, istənilən dövlətlə münasibətlərdə belə, Azərbaycanın suverenliyinə xələl gətirə bilməz.
Prezident İlham Əliyevin siyasi kursu bu gün dövlət maraqları, milli birliyimiz və beynəlxalq nüfuzumuzun qorunması prinsiplərinə əsaslanır. O, hər zaman xalqın etimadını qazanmış lider kimi həm regional, həm də qlobal arenada Azərbaycanın maraqlarını cəsarətlə müdafiə edir.
44 günlük müharibədə qazanılan qələbə, iqtisadi yüksəliş, diplomatik münasibətlərin ağıllı idarə olunması və beynəlxalq arenada müşahidə olunan son proseslər Prezident İlham Əliyevin müstəqil, güclü diplomatiyasının davamlı uğurlar gətirdiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizi regionun lider dövlətinə çevirib. Dövlət başçısının uzaqgörən və prinsipial addımları nəticəsində bu gün Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq platformasının mərkəzində dayanır.
Bu, həm Prezident İlham Əliyevin siyasi iradəsinin, həm də Azərbaycan xalqının birliyinin və dövlətimizin nüfuzunun parlaq təzahürüdür.