Azərbaycan BMT-nin bu Konvensiyasına qoşulub
Prezident İlham Əliyev tərəfindən bu ilin fevralın 23-də imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının adından Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasını imzalamaq səlahiyyəti Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayevə həvalə olunub.
Sərəncama görə, Xarici İşlər Nazirliyinə BMT Baş katibinə müvafiq bildiriş göndərilməsi tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.
ERAmedia xəbər verir ki, cari ilin aprelin 23-də Prezidentin sərəncamına uyğun olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin “X” sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunub ki, Tofiq Musayev 2018-ci il dekabrın 20-də Nyu-Yorkda qəbul edilmiş “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyanı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Beləliklə, sözügedən Konvensiya Azərbaycan Respublikası adından imzalanıb.










