Azərbaycan bu dövlətlərlə əlaqədə yeni səhifə açır - ŞƏRH
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada rəsmi səfərdədir.
ERAmedia xəbər verir ki, bu səfər barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son illər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır.
Deputat vurğulayıb ki, regionun enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verən Azərbaycan hazırda 14 ölkəyə, o cümlədən Slovakiyaya qaz nəql edir.
“Azərbaycan həm Slovakiyaya, həm də onun qonşularına daha çox qaz nəql etmək niyyətindədir. Bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.
Azərbaycan ilə Slovakiya arasında yalnız enerji deyil, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı gücləndirilməsi imkanları var. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Bu ilin ilk 9 ayında isə 31 milyon dollara yaxın dövriyyə qeydə alınıb. İqtisadi potensialı nəzərə alsaq, tərəflər arasında ticarət dövriyyəsini daha da artımaq üçün ciddi imkanlar var”, – deyə o qeyd edib.
V.Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrdə yeni səhifə açacaq:
“Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.
ERAmedia Analitik Qrupu









