Azərbaycan cərrahiyyə elminin banisi - İlk tibb elmləri doktorunun xatirəsi anılır
Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən, ilk azərbaycanlı alim-cərrah və ilk tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun bu gün anım günüdür.
ERAmedia xəbər verir ki, Mir Əsədulla Mirqasımov ölkəmizdə müasir tibb təhsilinin və cərrahiyyə elminin formalaşmasına mühüm töhfələr vermiş, elmi və pedaqoji fəaliyyəti ilə Azərbaycan səhiyyə tarixində xüsusi yer tutmuş şəxsiyyətlərdən biridir.
1883-cü ildə anadan olan alim uzun illər ərzində cərrahiyyə sahəsində elmi araşdırmalar apararaq milli tibb elminin inkişafına xidmət edib. O, 1928-ci ildə nəşr etdirdiyi monoqrafiya ilə Azərbaycanın ilk alim-cərrahı kimi tarixə düşüb və ölkədə tibbi cərrahiyyə üzrə elmi məktəbin əsasını qoyub.
Mir Əsədulla Mirqasımov eyni zamanda Azərbaycan SSR Elmlər Akademiyasının və Azərbaycan Tibb İnstitutunun yaradılmasında fəal iştirak edən elm xadimlərindən olub. Onun təşəbbüsləri və fəaliyyəti nəticəsində ölkədə tibbi təhsil və elmi-tədqiqat istiqamətində mühüm inkişaf mərhələsi başlanıb.
Alimin elmi irsi zəngindir. O, 6 monoqrafiya və dərsliyin, həmçinin 50-dən çox elmi əsərin müəllifidir. Mir Əsədulla Mirqasımovun yetişdirdiyi mütəxəssislər və formalaşdırdığı cərrahiyyə məktəbi sonrakı illərdə Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayıb.
1958-ci ildə vəfat edən Mir Əsədulla Mirqasımov bu gün də Azərbaycan tibb tarixinin ən görkəmli simalarından biri kimi ehtiramla yad olunur.
Vüsalə










