Azərbaycan D-8 qrupunun Qahirədəki iclasına qatılacaq
Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək. 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
ERAmedia xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neçə görüş baş tutub. Dekabrın 1-də üzv dövlətlərin ticarət üzrə yüksəkvəzifəli rəsmilərinin görüşü planlaşdırılır. Həmçinin 4-cü iclasın müvəqqəti gündəliyi nəzərdən keçiriləcək, D-8 Baş katibinin və nümayəndə heyətləri rəhbərlərinin bəyanatları dinləniləcək. Dekabrın 2-də keçiriləcək nazirlər iclasında ticarət əməkdaşlığına dair Qahirə Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Xatırladaq ki, D-8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya, Türkiyə və Azərbaycandır. Misir ötən ildən D-8-ə sədrlik edir.










