Azərbaycan–Gürcüstan əlaqələri YENİ MƏRHƏLƏDƏ: İqtisadi tərəfdaşlıq güclənir
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfəri edib və bu çərçivədə yüksək səviyyəli görüşlər keçirilib.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, səfər çərçivəsində Gürcüstanın dövlət başçısı və baş naziri ilə keçirilən görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Deputat bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər son illərdə xüsusilə iqtisadi sahədə dinamik inkişaf edir. O qeyd edib ki, 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 9 faiz artaraq 881,4 milyon dollara çatıb.
“Bu dövrdə Azərbaycanın Gürcüstana ixracı 712,7 milyon dollar, idxalı isə 168,7 milyon dollar olub. Nəticədə ölkəmiz qarşılıqlı ticarətdə 544 milyon dollarlıq müsbət saldo əldə edib”, – deyə deputat vurğulayıb.
Vüqar Bayramov əlavə edib ki, Orta Dəhlizin cəlbediciliyinin artması fonunda Azərbaycan və Gürcüstanın beynəlxalq nəqliyyat və logistika sistemində rolu daha da güclənir. Onun sözlərinə görə, bu əməkdaşlıq regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artırır.
Deputat həmçinin “yaşıl enerji” sahəsində əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. O xatırladıb ki, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanan dördtərəfli saziş bu istiqamətdə yeni imkanlar yaradıb.
“Azərbaycan və Gürcüstan Avropaya ‘yaşıl enerji’ körpüsünün formalaşdırılmasında mühüm rol oynayır. 2027-ci ildən sonra istehsal olunacaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizinin ixracı planlaşdırılır”, – deyə o bildirib.
Sonda deputat vurğulayıb ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi regionda iqtisadi sabitliyin və dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.









