Azərbaycan işarət dilinin rəsmi tanınması inklüziv cəmiyyət üçün yeni imkanlar açır
23 sentyabr dünyada Beynəlxalq İşarət Dilləri Günü kimi qeyd olunur.
“Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova ERAmedia-ya açıqlamasında bildirib ki, bu günün qeyd olunması işarət dillərinin əhəmiyyətinin diqqətə çatdırılması, eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin hüquqlarının müdafiəsi və onların cəmiyyətə bərabərhüquqlu inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, işarət dillərinin və eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin hüquqlarının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlardan biri BMT Baş Assambleyasının 19 dekabr 2017-ci il tarixində qəbul etdiyi qərar olub. Həmin qərarla 23 sentyabr Beynəlxalq İşarət Dilləri Günü elan edilib.
Aidə Səfərova qeyd edib ki, 23 sentyabr tarixinin seçilməsinin xüsusi tarixi əhəmiyyəti var. Belə ki, 1951-ci il sentyabrın 23-də Romada 25 ölkədən eşitmə məhdudiyyətli şəxslərin hüquqları istiqamətində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştirakı ilə Ümumdünya Karlar Federasiyası (World Federation of the Deaf – WFD) yaradılıb.
“Buna görə də 23 sentyabr sonradan Beynəlxalq İşarət Dilləri Günü üçün xüsusi tarix kimi müəyyənləşdirilib”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ümumdünya Karlar Federasiyasının məlumatlarına əsasən, dünyada 72 milyona yaxın eşitmə məhdudiyyətli insan yaşayır və onların böyük hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşür. Dünyada müxtəlif icmalar tərəfindən 300-dən çox işarət dilindən istifadə olunur.
Aidə Səfərova Azərbaycanda da son illərdə bu istiqamətdə mühüm hüquqi addımların atıldığını vurğulayıb. Onun sözlərinə görə, 25 aprel 2025-ci ildə Azərbaycan işarət dilinin rəsmi tanınması ilə bağlı qanun imzalanıb.
Qanuna əsasən, Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanınması nəzərdə tutulur. Bununla yanaşı, “Azərbaycan işarət dili” anlayışı qanunvericiliyə daxil edilib, ümumölkə televiziya kanallarında yayımlanan informasiya xarakterli proqramların Azərbaycan işarət dilinə tərcümə ilə müşayiət olunması ilə bağlı müddəalar da müəyyənləşdirilib.
“Səssiz Dünya” İB-nin sədri bildirib ki, Beynəlxalq İşarət Dilləri Gününün əsas məqsədi ictimaiyyətin diqqətini eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin qarşılaşdıqları problemlərə yönəltmək, işarət dillərinin əhəmiyyəti barədə məlumatlılığı artırmaq və bu dildən istifadə edən insanların informasiya, təhsil, səhiyyə və digər sahələrə bərabər çıxış imkanlarının genişləndirilməsinə töhfə verməkdir.
Aidə Səfərova qeyd edib ki, bu məqsədlə hər il 23–29 sentyabr tarixləri eşitmə və nitq qabiliyyəti məhdud şəxslərlə bağlı müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, rəhbərlik etdiyi “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi tərəfindən işarət dilinin tanınması və təbliği, eləcə də eşitmə və nitq qabiliyyəti məhdud şəxslərlə ünsiyyət zamanı yaranan çətinliklərin aradan qaldırılması istiqamətində bir sıra təlim və layihələr həyata keçirilib.
“Bu istiqamətdə ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər təhsil müəssisələrində davamlı olaraq işarət dili təlimləri təşkil olunub”, – deyə Aidə Səfərova bildirib.
O əlavə edib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin həkim, mütəxəssis və texniklərinin iştirakı ilə də işarət dili təlimləri keçirilib.
“Bu təlimlərin əsas məqsədi eşitmə məhdudiyyətli şəxslərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi və əməkdaşlarla eşitmə məhdudiyyətli şəxslər arasında daha effektiv ünsiyyətin qurulmasına şərait yaratmaqdır”, – deyə o vurğulayıb.
Aidə Səfərovanın sözlərinə görə, “Səssiz Dünya” İB eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına yönəlmiş bir sıra layihələri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirib.
Bu layihələr sırasında “Gəncliyin Qalası: Təhsil və sağlamlıq”, “İşarət Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması üzrə Təşəbbüslər”, “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi”, “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının UNESCO tərəfindən təsdiqlənmiş “İnklüziv Teatr” layihəsi və digər təşəbbüslər yer alır.
Aidə Səfərova vurğulayıb ki, işarət dilinin cəmiyyətdə daha geniş istifadəsi yalnız eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin gündəlik ünsiyyət imkanlarını genişləndirmir, eyni zamanda onların təhsil, səhiyyə, informasiya, mədəniyyət və digər sahələrdə bərabər imkanlardan yararlanmasına mühüm töhfə verir.
“İşarət dilinin tanınması inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində mühüm addımdır. Əsas məqsəd bu hüquqi imkanların gündəlik həyatda real və əlçatan xidmətlərə çevrilməsinə nail olmaqdır”, – deyə Aidə Səfərova bildirib.
Vüsalə










