Azərbaycan–İtaliya strateji tərəfdaşlığının mahiyyəti - ŞƏRH
Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində formalaşan etibarlı və dayanıqlı əməkdaşlıq modellərindən biri kimi getdikcə daha aydın şəkildə seçilir. 2026-cı il mayın 4-də Prezident İlham Əliyevin verdiyi bəyanatda bu tərəfdaşlığın mahiyyəti və əhəmiyyəti xüsusi vurğulanaraq diqqətə çatdırıldı ki, 2014-cü və 2020-ci illərdə imzalanmış sənədlər münasibətlərin inkişafında mühüm mərhələlər yaradıb. Bu sənədlər sadəcə siyasi bəyanatlar deyil, eyni zamanda uzunmüddətli əməkdaşlığın istiqamətini müəyyən edən strateji yol xəritəsi kimi çıxış edir. Strateji tərəfdaşlıq anlayışı burada formal termin kimi deyil, real məzmun daşıyan əməkdaşlıq modeli kimi özünü göstərir. Bu model müxtəlif sahələri əhatə edir və tərəflər arasında dərin qarşılıqlı bağlılıq yaradır. Siyasi dialoq bu tərəfdaşlığın əsasını təşkil etsə də, onun gücü iqtisadi, enerji, texnologiya və humanitar sahələrdə paralel inkişafdan qaynaqlanır. Bu baxımdan Azərbaycan ilə İtaliya arasında münasibətlər bir istiqamət üzrə deyil, paralel və bir-birini tamamlayan sahələr üzrə inkişaf edir. 2014-cü ildə imzalanmış sənəd iki ölkə arasında əməkdaşlığın sistemli əsaslara keçirilməsinə imkan yaratdı. Bu mərhələdə tərəflər arasında əlaqələr daha strukturlaşdırılmış şəkildə inkişaf etməyə başladı. Enerji sahəsində tərəfdaşlıq genişləndi, iqtisadi münasibətlər daha planlı şəkildə quruldu və siyasi dialoq daha müntəzəm xarakter aldı. Bu sənəd, əslində, tərəflər arasında uzunmüddətli əməkdaşlığın təməlini qoydu və qarşılıqlı fəaliyyət üçün konkret mexanizmlər formalaşdırdı. 2020-ci ildə imzalanmış bəyannamə isə bu prosesə yeni dinamika qazandırdı. Əməkdaşlıq artıq ənənəvi sahələrlə məhdudlaşmadı və yeni istiqamətlər üzrə genişlənməyə başladı. Rəqəmsal texnologiyalar, innovasiya, sənaye modernləşməsi kimi sahələrdə əməkdaşlıq imkanlarının artırılması tərəfdaşlığın daha müasir və çevik xarakter aldığını göstərdi. Eyni zamanda nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional bağlantıların gücləndirilməsi və yeni iqtisadi təşəbbüslərin irəli sürülməsi münasibətlərin coğrafiyasını da genişləndirdi. Enerji sahəsi bu tərəfdaşlığın ən dayanıqlı istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və İtaliya bu əməkdaşlığın əsas iştirakçılarından biridir. Bu əlaqə enerji resurslarının ötürülməsi və eyni zamanda uzunmüddətli etimad və qarşılıqlı asılılıq yaradan strateji əlaqəyə çevrilib. Bununla yanaşı, bərpa olunan enerji sahəsində əməkdaşlıq yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xəzər regionunun potensialı və yaşıl enerji təşəbbüsləri tərəflər arasında yeni əməkdaşlıq istiqamətləri formalaşdırır. İqtisadi əməkdaşlığın şaxələndirilməsi də strateji tərəfdaşlığın davamlılığını təmin edən mühüm amillərdən biridir. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, sənaye layihələrində iştirakı və texnologiya sahəsində təcrübə paylaşımı iqtisadi inkişaf prosesinə müsbət təsir göstərir. Digər tərəfdən, Azərbaycan üçün Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi bu əməkdaşlığı daha da əhəmiyyətli edir. Beynəlxalq müstəvidə əməkdaşlıq da diqqətdən kənarda qalmır. Azərbaycan və İtaliya müxtəlif platformalarda bir-birinə yaxın mövqelər nümayiş etdirir və qlobal məsələlərdə qarşılıqlı anlayış nümayiş olunur. Bu isə tərəfdaşlığın həm ikitərəfli münasibətlər çərçivəsində, həmdə geniş geosiyasi kontekstdə əhəmiyyət daşıdığını göstərir. Regional baxımdan bu əməkdaşlıq daha geniş təsir imkanlarına malikdir. Azərbaycanın geostrateji mövqeyi və İtaliyanın Avropa İttifaqında tutduğu yer bu tərəfdaşlığı körpü roluna çevirir. Nəqliyyat dəhlizlərinin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi regionda sabitlik və inkişaf üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq artıq formalaşmış və özünü doğrultmuş əməkdaşlıq modelidir. Bu model dəyişən beynəlxalq şəraitə uyğunlaşmaq qabiliyyətinə malikdir və yeni çağırışlara cavab verə biləcək potensiala sahibdir. Mövcud əsaslar və əldə olunan nəticələr göstərir ki, bu tərəfdaşlıq gələcəkdə daha da dərinləşəcək və yeni sahələr üzrə genişlənəcək.
Fərid MUSTAFAYEV,
“Tərəqqi“ sosial-iqtisadi araşdırmalar İB-nin sədr müavini, YAP Yasamal rayon təşkilatının fəalı









