media-1791791010354837278_1200x630

Prezident İlham Əliyev və Kambocanın Baş naziri Hun Manetin mətbuata bəyanatlarında iki ölkə arasında ticarət dövriyyəsinin hazırda aşağı səviyyədə olmasına baxmayaraq, rəsmi səfərdən sonra bu göstəricinin artacağına əminlik ifadə olunub.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanla Kamboca arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da, ticarət əlaqələrində nəzərəçarpan dəyişikliklər əsasən son illərdə müşahidə olunur. Onun sözlərinə görə, uzaq Asiya ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial olduqca böyükdür.

Deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi 12,7 milyon dollar təşkil edib. Bu dövriyyənin tamamilə Kambocadan idxal hesabına formalaşması diqqət çəkir. Belə ki, ötən il Azərbaycan məhsullarının Kamboca bazarına ixracı qeydə alınmayıb.

Vüqar Bayramovun sözlərinə görə, oxşar tendensiya bu ilin ilk səkkiz ayında da davam edib. Həmin dövrdə Kambocadan 7,2 milyon dollarlıq məhsul idxal olunsa da, Azərbaycan məhsullarının bu ölkənin bazarına çıxarılması qeydə alınmayıb.

Deputat bildirib ki, Kambocadan Azərbaycana 201 məhsul növü üzrə idxal həyata keçirilib. İdxalın əhəmiyyətli hissəsini yüngül sənaye məhsulları təşkil edir.

Belə ki, qadınlar üçün kimyəvi saplardan hazırlanmış palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar üzrə idxal 1,075 milyon dollar, pambıq parçası ipliyindən toxunmuş şalvar və kombinezonlar üzrə 835 min dollar təşkil edib. Kimyəvi saplardan hazırlanan sviter, pulover, jilet və digər trikotaj məmulatların idxalı 558 min dollar, kişilər üçün analoji geyim məhsullarının idxalı isə 555 min dollar olub.

Vüqar Bayramov vurğulayıb ki, mövcud statistika Azərbaycan məhsullarının Kamboca bazarına çıxarılması istiqamətində yeni imkanların araşdırılmasının vacibliyini göstərir. Onun fikrincə, qeyri-neft-qaz sektoruna aid məhsulların ixracının genişləndirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında prioritet istiqamətlərdən biri ola bilər.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev və Kambocanın Baş naziri Hun Manetin mətbuata bəyanatlarında birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığın əldə olunduğu bildirilib.

Bu razılaşma iki ölkə arasında ticarət əlaqələrinin sistemli şəkildə genişləndirilməsinə, qarşılıqlı bazar imkanlarının öyrənilməsinə və Azərbaycan məhsullarının Kambocaya ixracı üçün yeni kanalların formalaşdırılmasına töhfə verə bilər.

Vüqar Bayramov hesab edir ki, mövcud potensialdan səmərəli istifadə olunması Azərbaycanın qeyri-neft ixracının coğrafiyasının genişlənməsinə və Cənub-Şərqi Asiya bazarlarında iqtisadi mövqelərinin gücləndirilməsinə şərait yarada bilər.

Vural


media-adspc

Bənzər xəbərlər