media-picture1

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə əhəmiyyətli irəliləyiş əldə edib.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, nüfuzlu qlobal kiber indeks – “National Cybersecurity Index”in 2025–2026-cı illəri əhatə edən yeni nəticələrinə əsasən, Azərbaycan 21 pillə irəliləyərək 52-ci yerdən 31-ci yerə yüksəlib, ümumi bal isə 75.83-dən 83.33-ə çatıb.

Onun sözlərinə görə, bu nəticə ciddi uğur kimi qiymətləndirilməlidir. O qeyd edib ki, Azərbaycan 2022-ci ilə qədər bu reytinqdə əsasən geriləsə də, 2023-cü ildən etibarən ardıcıl və nəzərəçarpan irəliləyişlər müşahidə olunur və son illərdə bu dinamika davam edir.

Osman Gündüz vurğulayıb ki, 145 ölkənin 49 indikator əsasında qiymətləndirildiyi hesabatda Azərbaycanın bir çox region ölkələrini qabaqlaması diqqət çəkir. Belə ki, BƏƏ 32-ci, Qazaxıstan 51-ci, Türkiyə 56-cı, Gürcüstan 63-cü, Ermənistan isə 95-ci yerdə qərarlaşıb.

Ekspert hesab edir ki, bu dəfəki nəticələr əvvəlki illərlə müqayisədə daha çox reallığı əks etdirir. Onun fikrincə, son illərdə kibertəhlükəsizlik sahəsində həm hüquqi baza, həm institusional struktur, həm də əməli fəaliyyət baxımından ciddi dəyişikliklər baş verib.

Osman Gündüz bildirib ki, əldə olunan irəliləyişdə əsas amillərdən biri son 3–4 ildə Dövlət Təhlükəsizliyi Xidmətinin bu sahəyə sistemli şəkildə daxil olmasıdır. O qeyd edib ki, sektorda fəaliyyət göstərən mütəxəssislər də bu rolu açıq şəkildə müşahidə edirlər.

Həmçinin vurğulanıb ki, Azərbaycan kibercinayətkarlığa qarşı qlobal Konvensiyanın hazırlanmasında fəal iştirak edib və bu sənədi qəbul edən ilk ölkələrdən biri olub. Elektron sübutlarla bağlı hüquqi bazanın gücləndirilməsi də mühüm dönüş yaradan addımlar sırasındadır.
Ekspert Milli Kibertəhlükəsizlik Mərkəzinin rolunu xüsusi qeyd edərək bildirib ki, son illərdə müxtəlif dövlət qurumlarının iştirakı ilə kibercinayətkarlıqla mübarizə sahəsində yeni prosessual mexanizmlər tətbiq olunub, kritik infrastrukturun qorunması istiqamətində ciddi addımlar atılıb və beynəlxalq əməkdaşlıq genişləndirilib.

Osman Gündüz əlavə edib ki, Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarla birgə ümumi təhsildə onlayn təhlükəsizlik üzrə kompetensiyaların kurikuluma daxil etməsi də bu sahəyə mühüm töhfə verib. Eyni zamanda DİN və Mərkəzi Bank arasında real vaxt rejimində işləyən mexanizmlərin qurulması, kibergigiyena və maarifləndirmə tədbirlərinin genişləndirilməsi də müsbət təsir göstərib.

Bundan başqa, son illərdə kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr, o cümlədən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və ali təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə ixtisaslaşmış strukturların yaradılması sektorun inkişafına töhfə verib.

Sonda Osman Gündüz qeyd edib ki, əldə olunan nəticələr Azərbaycanın kibertəhlükəsizlik sahəsində sistemli inkişafının, dayanıqlılığının və gücləndirilmiş kibermüdafiə qabiliyyətinin aydın göstəricisidir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər