media-alla-ahundova-bio-768x403

Azərbaycan ədəbiyyatı və kinosuna mühüm töhfələr vermiş şairə, dramaturq və ssenarist Alla Axundova vəfat edib.

ERAmedia xəbər verir ki, sənətkar xüsusilə Azərbaycan kinosunun sevilən nümunələrindən olan “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifi kimi geniş tanınıb.

1939-cu ilin noyabrında dünyaya gələn Alla Axundova yaradıcılığa poeziya ilə başlayıb. Onun ilk şeirləri 1957-ci ildən mətbuatda dərc olunub. Sonrakı illərdə ədəbi fəaliyyətini kino yaradıcılığı ilə birləşdirən sənətkar müxtəlif bədii, qısametrajlı və cizgi filmlərinin ərsəyə gəlməsində iştirak edib.

Axundovanın kinodakı ilk işi 1969-cu ildə çəkilən “Şərikli çörək” filmi olub. Ekran əsəri illər keçməsinə baxmayaraq tamaşaçı marağını qoruyub və Azərbaycan kinosunun yadda qalan filmləri sırasında yer alıb.

Ssenaristin yaradıcılıq irsinə “Cırtdan”, “Var olun, qızlar…”, “Şahzadə-qara qızıl”, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Bizi bağışlayın”, “Uşaq və külək”, “Təqib” və “Bahar əyləncələri” kimi ekran əsərləri daxildir.

Onun ədəbi yaradıcılığı da geniş coğrafiyada tanınıb. Əsərləri müxtəlif vaxtlarda ingilis, ərəb, gürcü və türk dillərinə, eləcə də Rusiyada və Yaponiyada tərcümə olunub.

Alla Axundova Azərbaycan mədəniyyətindəki xidmətlərinə görə 1988-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. O, həmçinin 1970-ci ildə Respublika Dövlət mükafatına layiq görülüb.

Şairə və dramaturq kimi yanaşı, kino sahəsindəki fəaliyyəti ilə də tanınan Alla Axundovanın yaradıcılığı Azərbaycan mədəniyyətinin mühüm səhifələrindən biri kimi qiymətləndirilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər