media-17918804461009435180_1200x630

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi görüşlərdə müzakirə edilən prioritet məsələlərdəndir.

Deputatın sözlərinə görə, əvvəlki illə müqayisədə 2025-ci ildə Azərbaycan ilə Laos arasında ticarət dövriyyəsi 40 faiz artsa da, ümumi göstərici hələ də aşağı səviyyədədir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi cəmi 329 min dollar təşkil edib.

Vüqar Bayramov qeyd edib ki, 8 milyon əhalisi və 236 min kvadratkilometr ərazisi olan Laosun nominal ümumi daxili məhsulunun (ÜDM) həcmi 16,3 milyard dollardır. Alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla ölkənin ÜDM-i 78,8 milyard dollara çatır. Kənd təsərrüfatı Laosun ÜDM-nin təxminən 50 faizini, məşğulluğun isə 80 faizini təmin edir. Neft və qaz idxal edən ölkə, eyni zamanda, elektrik enerjisi ixracatçısıdır.

Deputatın sözlərinə görə, Azərbaycan Laosla 30 məhsul növü üzrə ticarət əlaqələri qurub. İdxal strukturunda ayaqqabılar əhəmiyyətli yer tutur. Belə ki, bu məhsullar üzrə idxalın dəyəri 96 min dollar təşkil edir. Bunun 71 min dolları rezin ayaqqabıların, 48 min dolları isə taxta altlıqlı ayaqqabıların payına düşür. Bundan başqa, kommutasiya qurğuları da daxil olmaqla, səsin, təsvirin və ya digər məlumatların qəbulu, çevrilməsi, ötürülməsi və ya bərpası üçün maşınların idxalına 49 min dollar xərclənib.

Vüqar Bayramov vurğulayıb ki, qeyd olunan dövrdə Azərbaycan məhsullarının Laos bazarına ixracı qeydə alınmayıb. Bu isə qarşılıqlı ticarətin genişləndirilməsi və yerli istehsalçıların yeni bazarlara çıxış imkanlarının artırılması baxımından əlavə potensialın olduğunu göstərir.

Deputatın fikrincə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə keçirilən görüşündə iqtisadi sahədə əməkdaşlığın daha da fəallaşdırılmasına xüsusi diqqət ayrılması mühüm əhəmiyyət daşıyır.

Vüqar Bayramov hesab edir ki, Laos Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verə, ticarət dövriyyəsinin artırılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yarada bilər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər