Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
ERAmedia xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O qeyd edib ki, dövlət başçılarının görüşü və səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan–Laos münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir. Bu siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, yeni iqtisadi tərəfdaşlıqların formalaşmasına və ölkəmizin regional və qlobal əməkdaşlıq proseslərində iştirak imkanlarının genişlənməsinə xidmət edir. Laos Prezidentinin Azərbaycana səfəri də iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından əlamətdardır. Səfər siyasi dialoqun daha da intensivləşdirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əldə olunmuş razılaşmaların konkret nəticələrə çevrilməsi üçün əlverişli imkan yaradır.
Deputat xüsusilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin, investisiya imkanlarının araşdırılmasının, nəqliyyat-logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki dövlətin maraqlarına uyğun olduğunu qeyd edib: “Bu baxımdan, səfər yalnız diplomatik münasibətlərin inkişafı deyil, həm də Azərbaycanla Laos arasında uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Nəqliyyat və logistika sahəsi Azərbaycan–Laos əməkdaşlığının perspektivli istiqamətlərindən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və ölkəmizdə formalaşdırılmış müasir nəqliyyat-logistika infrastrukturu Şərq-Qərb istiqamətində yükdaşımaların inkişafı üçün mühüm imkanlar yaradır. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı isə gələcəkdə yeni marşrutların formalaşdırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, nəqliyyat dəhlizləri və logistika imkanları üzrə təcrübə mübadiləsi, tranzit daşımaların təşkili və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya sahəsində əməkdaşlıq üçün perspektivlər mövcuddur. Əməkdaşlığın digər mühüm istiqamətlərindən biri təhsil və elm sahəsidir. Ali təhsil müəssisələri arasında əlaqələrin qurulması, tələbə və müəllim mübadiləsinin təşviqi, birgə elmi tədqiqatların aparılması və təcrübə mübadiləsi iki ölkənin humanitar münasibətlərinin inkişafına töhfə verə bilər”.
S.Salmanova bildirib ki, parlamentlərarası əlaqələr də Azərbaycan–Laos münasibətlərinin mühüm istiqamətlərindən biridir. Bu əlaqələrin mövcudluğu iki ölkənin qanunverici orqanları arasında dialoqun inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, turizm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, xalqlarımızın tarixi və mədəni irsinin qarşılıqlı tanıdılması da münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir.
“Prezident İlham Əliyevin Laos Prezidentinin Azərbaycana səfəri zamanı verdiyi bəyanat ölkəmizin xarici siyasətində qarşılıqlı faydalı əməkdaşlığa, milli maraqların qorunmasına və beynəlxalq tərəfdaşlığın şaxələndirilməsinə verilən önəmi nümayiş etdirir. Azərbaycan–Laos münasibətlərinin gələcək inkişafı üçün siyasi iradə və qarşılıqlı maraq mövcuddur. İndi əsas vəzifə bu potensialı konkret iqtisadi layihələrə, genişlənən ticarət əlaqələrinə, yeni investisiya imkanlarına və xalqlarımız arasında daha sıx münasibətlərə çevirməkdir. Bu yanaşma həm Azərbaycanın iqtisadi və strateji maraqlarına, həm də Laosla qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir”, – deyə deputat əalvə edib.









