media-zulfuqar-hacibeyov

Azərbaycan musiqi və teatr sənətinin inkişafında mühüm xidmətləri olan bəstəkar, Dövlət Musiqili Komediya Teatrının banilərindən biri Zülfüqar Hacıbəyovun anım günüdür.

ERAmedia xəbər verir ki, Zülfüqar Hacıbəyov 1884-cü ildə anadan olub və yaradıcılığı ilə Azərbaycan professional musiqisinin formalaşması prosesinə mühüm töhfələr verib.

Bəstəkar yalnız əsərləri ilə deyil, yaxın ətrafında yetişən sənət adamlarına göstərdiyi təsirlə də seçilib. O, qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin sənət yolunun formalaşmasında mühüm rol oynayıb. Zülfüqar Hacıbəyovun yaradıcılıq və pedaqoji təsir göstərdiyi sənətkarlar sırasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski və Hüseyn Ərəblinski də yer alır.

Onun Azərbaycan teatr tarixində xüsusi yer tutan əsərlərindən biri “50 yaşında cavan” operettasıdır. 1910-cu ildə qələmə alınan əsər ilk Azərbaycan operettası kimi tarixə düşüb. Əsərin həm librettosu, həm də musiqisi bəstəkarın özünə məxsusdur. Bu əsərlə Azərbaycan səhnəsində komediya janrının inkişafı üçün yeni mərhələnin əsası qoyulub.

Zülfüqar Hacıbəyov XX əsrin əvvəllərində mahnı yaradıcılığı sahəsində də fəaliyyət göstərib. “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” onun ilk mahnıları sırasında göstərilir. Bu əsərlər bəstəkarın musiqi dilinin formalaşmasında və milli musiqi ənənələrinin səhnə yaradıcılığı ilə əlaqələndirilməsində mühüm rol oynayıb.

Bəstəkarın yaradıcılığı teatr və mahnı janrı ilə məhdudlaşmayıb. O, Azərbaycan klassik musiqisinin inkişafına da töhfələr verib. 1932-ci ildə yazdığı “Kölə qadınların rəqsi” simfonik pyesi onun instrumental musiqi sahəsindəki fəaliyyətinin nümunələrindən biridir. Zülfüqar Hacıbəyov, həmçinin müxtəlif kantataların müəllifidir.

Zülfüqar Hacıbəyov 1950-ci ildə vəfat edib. Onun yaradıcılıq irsi Azərbaycan musiqi tarixində həm bəstəkar, həm də milli teatr musiqisinin inkişafına töhfə verən sənət xadimi kimi xüsusi yer tutur.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər