Azərbaycan musiqisində özünəməxsus izi olan bəstəkar
Bu gün görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür.
ERAmedia xəbər verir ki, 1929-cu ildə anadan olan sənətkar ömrünü Azərbaycan musiqisinin inkişafına, xüsusilə də uşaqlar üçün musiqi əsərlərinin yaradılmasına həsr edib.
Oqtay Zülfüqarov yaradıcılığı boyu müxtəlif janrlara müraciət edib və zəngin irs formalaşdırıb. Onun müəllifi olduğu əsərlər sırasında dörd simfoniya, simfonik poemalar, kantatalar, instrumental pyeslər, konsertlər, eləcə də teatr və kino tamaşaları üçün bəstələnmiş musiqilər xüsusi yer tutur.
Bəstəkarın böyük simfonik orkestr üçün yazdığı “Şənlən, mənim xalqım” uvertürası onun yaradıcılığının seçilən nümunələrindəndir. O, həmçinin violonçel və fleyta üçün konsertlər hazırlayıb, musiqili səhnə əsərləri yaradıb.
Uşaqlar üçün yazdığı əsərlər isə Oqtay Zülfüqarovun yaradıcılığında ayrıca istiqamət təşkil edir. “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operaları, “Şəngülüm, Şüngülüm və Məngülüm” musiqili komediyası bəstəkarın bu sahədəki fəaliyyətinin tanınmış nümunələrindəndir.
2010–2012-ci illərdə bəstəkar “Məlik Məmməd” xalq nağılı əsasında uşaqlar üçün iki hissəli “Sehrli alma” baletini də ərsəyə gətirib. Oqtay Zülfüqarovun pedaqoji fəaliyyəti də diqqət çəkir. O, musiqi dərsliklərinin hazırlanmasında iştirak edib və uşaqların musiqi təhsilinə töhfə verib.
Sənətkar uzun illər Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərən “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrına rəhbərlik edib. Bu kollektivlər vasitəsilə uşaqlar üçün müxtəlif musiqi proqramları hazırlanaraq tamaşaçılara təqdim olunub.
Oqtay Zülfüqarov bəstəkarlıq fəaliyyəti ilə yanaşı poeziya ilə də məşğul olub. Onun yazdığı şeirlər “Oxuyur Aysel” adlı topluda nəşr edilib.
1929-cu ildə dünyaya gələn Oqtay Zülfüqarov 2016-cı ildə vəfat edib. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan professional musiqi mədəniyyətinin mühüm səhifələrindən biri kimi xatırlanır.
Mələk Onur









