media-turist-baki_0

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki qardaş ölkə arasında münasibətlərin strateji yaxınlıq səviyyəsini bir daha nümayiş etdirir.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, iki dövlət başçısı arasındakı səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının daha da möhkəmlənməsində xüsusi rol oynayır. Onun sözlərinə görə, dövlətlər arasında münasibətlərin yüksək səviyyəsi vətəndaşların qarşılıqlı səfərlərinin artmasında da özünü göstərir.

Deputat qeyd edib ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycana 44 min Özbəkistan vətəndaşı səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə Özbəkistandan gələn turistlərin sayında 34 faizlik artım deməkdir.

Vüqar Bayramovun sözlərinə görə, 2025-ci il ərzində Azərbaycana gələn Özbəkistan vətəndaşlarının ümumi sayı 46 min nəfər təşkil edib. Beləliklə, cari ilin ilk 8 ayında Özbəkistandan Azərbaycana gələnlərin sayı artıq ötən ilin bütün ili üzrə göstəriciyə, demək olar ki, çatıb. Bu isə ilin yekununda daha yüksək artım tempinin qeydə alınacağından xəbər verir.

Deputat vurğulayıb ki, strateji qardaşlıq münasibətləri ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinə də müsbət təsir göstərir. Xüsusilə sağlamlıq turizmi məqsədilə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayında artım müşahidə olunur.

“Turizm sadəcə insanların bir ölkədən digərinə səfəri deyil. Eyni zamanda, bu, xalqlar arasında əlaqələrin, qarşılıqlı etimadın və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi deməkdir. Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşməsi qarşılıqlı turizm axınının artması üçün də yeni imkanlar yaradır”, – deyə Vüqar Bayramov bildirib.


media-adspc

Bənzər xəbərlər