media-2ba61cc315539646255495861621108805
media-bant_master

“Zəfər paradında bütün dünya Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının şahidi oldu. Bu parad dünyaya “Azərbaycan tək deyil!” mesajını verdi”.

Bu sözləri ERAmedia -ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, Türkiyə və Pakistan hərbçilərinin paradda iştirak etməsi üç qardaş dövlətin dostluğunun, birliyinin müttəfiqliyinin bariz nümunəsi idi:

“Noyabrın 8-də Bakı şəhərinin Azadlıq meydanında tarixi Zəfərimizin 5-ci ildönümünə həsr edilmiş hərbi parad keçirildi. Bu hərbi parad tarixi qələbəmizdən sonra keçirilən sayca üçüncü hərbi paraddır. 2021-ci ilin dekabrın 10-da Bakı şəhərində Qələbə paradı təşkil edilmişdi.

Daha sonra, 2023-cü ildə – suverenliyimizin tam təmin edilməsindən sonra Xankəndində hərbi parad keçirildi. Nəhayət, qələbəmizin 5-ci ildönümünü də yüksək səviyyədə təşkil olunan hərbi paradla qeyd etdik. Qeyd edək ki, 2021-ci ilin 10 dekabr tarixində keçirilən hərbi paradda Türkiyə hərbçiləri də iştirak etmişdilər. Bu dəfə də qardaş dövlətin hərbçiləri paradın təmsilçiləri idilər.

Bu il ilk dəfə olaraq qardaş Pakistan dövlətinin də hərbçiləri hərbi paradda iştirak etdilər. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin bu tədbirdə iştirakı üç qardaş dövlətin dostluğunun, birliyinin və müttəfiqliyinin bariz nümunəsi idi. Bu, bütün dünyaya çox ciddi mesaj verdi: Azərbaycan tək deyil!

Onun yanında NATO-da ikinci böyük hərbi gücə malik Türkiyə, müsəlman dünyasında isə yeganə nüvə dövlətlərindən biri olan Pakistan İslam Respublikası dayanır.

Qeyd edək ki, bu gün BMT Baş Məclisində təmsil olunan 193 dövlətdən yalnız 9-u nüvə silahına malikdir və onlardan biri də bizim müttəfiqimiz – Pakistan İslam Respublikasıdır. Bütün dünya bu birliyimizin, xüsusilə də hərbi birliyimizin şahidi oldu. Bu, hərbi paradın dünyaya verdiyi ən mühüm mesajlardan biri idi”.

Deputat Prezident İlham Əliyevin hərbi paraddakı çıxışını üç əsas istiqamət üzrə şərh edib:

“Birinci istiqamət – tarixi zəfəri şərtləndirən amillər idi. Dövlət başçısı bu kontekstdə ilk növbədə hərbi müttəfiqlərimizin adını çəkdi. Qardaş Türkiyə dövlətinə və onun siyasi rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu və Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı bütün dünyaya ciddi mesaj verdi. Müharibənin ilk dəqiqələrindən qardaş Pakistan dövləti də Azərbaycana mənəvi və siyasi dəstək göstərdi və bu dəstəyi biz hər zaman hiss edirik. Güclü müttəfiqlərə malik olmaq qələbəni şərtləndirən mühüm amillərdən biridir.

Prezident həmçinin qeyd edib ki, 2003-cü ildə xalqın etimadını qazanaraq dövlət başçısı seçildikdən sonra qarşısında dayanan bir nömrəli vəzifə torpaqlarımızı işğaldan azad etmək idi. O vaxtdan bəri dəfələrlə bildirmişdi ki, heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq.

Bu məqsədlə biz gecə-gündüz çalışdıq: əvvəlcə güclü iqtisadiyyat yaratdıq, bu da bizə siyasi müstəqillik qazandırdı. Güclü iqtisadiyyatımız güclü ordunun formalaşmasına şərait yaratdı. Biz maliyyə asılılığından uzaq olduq və 17 il ərzində vətənpərvərlik ruhunda bir nəsil yetişdirdik. Həmin nəsil Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmək fədakarlığına sahib idi. Bütün bu amillərin sayəsində biz tarixi zəfərə imza atdıq.

30 il ərzində alnımızda olan xəcalət ləkəsini birdəfəlik sildik. Ləyaqətli xalq olduğumuzu bütün dünyaya sübut etdik, beynəlxalq hüququn keşiyində dayandıq və tarixi ədaləti bərpa etdik.

Prezidentin çıxışının ikinci hissəsi müharibə dövründəki qəhrəmanlıqlara həsr olunmuşdu. Prezident bildirdi ki, Azərbaycan əsgərləri döyüş boyu yalnız irəli getdilər, bir nəfər də fərari olmadı. Halbuki Ermənistanda 12 mindən çox fərari vardı. Azərbaycan ordusu döyüş meydanında 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Ermənistanın siyasi rəhbərliyi isə Şuşa azad olunduqdan sonra məğlubiyyəti qəbul etməyə məcbur qaldı. Ermənistan siyasi rəhbərliyi noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktına imza atdı. Bununla da biz tarixi zəfərə nail olduq. Bunun ardınca 2023-cü ildə Xankəndində separatizm yuvasını dağıtdıq, separatizmin kökünü kəsdik. Beləliklə Xankəndi və ətraf ərazilərdə Azərbaycan bayrağı dalğalanmağa başladı. Biz təkcə ərazi bütövlüyümüzü deyil, həmçinin suverenliyimizi tam formada bərpa etdik. Son 80 il ərzində bu tarixi nailiyyəti əldə etmiş ikinci bir dövlət yoxdur.

Üçüncü istiqamət – postmüharibə dövrü və qarşıdakı vəzifələr idi. Burada əsas mövzu Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması idi. Prezident vurğuladı ki, bu istiqamətdə ciddi işlər görülür: siyasi iradə də, maliyyə imkanları da var.

2021-2024-cü illərdə bu məqsəd üçün 19 milyard manat vəsait xərclənib, 2025-ci ildə isə əlavə 4 milyard manat ayrılıb. Beləliklə, ümumi məbləğ 23 milyard manata çatır. 2026-cı ilin dövlət büdcəsində isə bu sahəyə 3.5 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Bu bizim üçün strateji vəzifədir, bu istiqamətdə işlər gedir.

Artıq 60 mindən çox soydaşımız Qarabağda və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır. Bu, böyük uğurdur. İnfrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılır.

Qardaş Türkiyə və Pakistan dövlətlərinin siyasi liderləri də bu tarixi zəfərimizə yüksək qiymət verdilər və bir daha vurğuladılar ki, dövlətlərimizin və xalqlarımızın birliyi, ordularımızın əməkdaşlığı bizim gücümüzü göstərir.

Bu hərbi paradla bütün dünyaya bir daha nümayiş etdirdik ki, Azərbaycan qalib dövlətdir və onun Türkiyə və Pakistan kimi güclü, sadiq müttəfiqləri var”.


media-adspc

Bənzər xəbərlər