Azərbaycan qazı 16 ölkəyə çatır: Ölkəmiz Avropanın enerji xəritəsində ön sırada
Azərbaycanın qaz ixracı üzrə coğrafiyası genişlənməkdə davam edir və bu göstərici ölkəni qlobal miqyasda ön sıralara çıxarır.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır və ümumilikdə Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb.
Deputatın sözlərinə görə, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı məlumat verib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə dünyada birinci yerdədir.
Vüqar Bayramov qeyd edib ki, qlobal enerji bazarında digər əsas ixracatçı ölkələrin göstəriciləri fərqlidir. Belə ki, Rusiya Ukrayna müharibəsindən sonra qaz ixrac etdiyi ölkələrin sayını ciddi şəkildə azaldıb. Əgər 2019-cu ildə bu rəqəm 37 idisə, hazırda tərəfdaş ölkələrin sayı birrəqəmli səviyyəyə enib.
Deputat əlavə edib ki, Norveç əsasən Gassco tərəfindən idarə olunan boru kəmərləri vasitəsilə Avropanın 7 ölkəsinə qaz ixrac edir və bu ölkənin əsas alıcıları Almaniya, Böyük Britaniya, Belçika, Fransa və Danimarkadır. Əlcəzair isə qaz tədarükünü əsasən İtaliya, İspaniya və Fransa istiqamətində həyata keçirir.
Kanadanın qaz ixracına toxunan millət vəkili bildirib ki, bu ölkənin ixracının demək olar ki, hamısı boru kəmərləri ilə ABŞ-a yönəlib və bu, ümumi ixracın 99 faizindən çoxunu təşkil edir. ABŞ isə daha çox mayeləşdirilmiş təbii qaz (LNG) ixracına üstünlük verir.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan boru kəmərləri vasitəsilə daha çox ölkənin enerji təhlükəsizliyinə töhfə verən əsas tərəfdaşlardan biridir və ölkədə qaz hasilatı artmaqda davam edir. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 1,2 milyard kubmetr çoxdur.
Deputat əlavə edib ki, həmin dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib və bunun 12,8 milyard kubmetri Avropa ölkələrinin payına düşüb. O hesab edir ki, qarşıdakı illərdə də Azərbaycanın qaz ixracı və beynəlxalq enerji bazarındakı mövqeyi daha da güclənəcək.
Vüsalə










