“Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 – oktyabr 1919” kitabının təqdimatı olub
ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Qərbi Azərbaycan İcmasının nəşr etdirdiyi “Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 – oktyabr 1919” kitabının təqdimat mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, tədbirdə 27 Sentyabr – Anım Günü ilə bağlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “Biz uzun illər ortaya qoyulmasına imkan verilməmiş Qərbi Azərbaycan həqiqətlərini işıqlandırmaq istiqamətində ardıcıl fəaliyyət göstəririk. Ən yaxın tərəfdaşlarımızdan biri ali məktəblərimizdir. Onların arasında ADA Universiteti xüsusi yer tutur. ADA Universitetinin prorektoru Fariz İsmayılov Milli Məclisdə Qərbi Azərbaycan üzrə yaradılmış təşəbbüs qrupunun üzvü kimi bu məsələdə çox fəal iştirak edir və bütün tədbirlərimizdə yanımızdadır”, – deyə Ə.Ələkbərli qeyd edib.
Ə.Ələkbərli təqdimatı keçirilən kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə verdiyini vurğulayaraq deyib: “Kitabda 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş vəhşiliklər Azərbaycan mətbuatının materialları əsasında əks olunub. Bu faktlar həm tariximizin, həm də milli yaddaşımızın ayrılmaz hissəsidir”.
O əlavə edib ki, əlifbanın tez-tez dəyişdirilməsi xalqımız üçün ciddi itkilərə səbəb olub: “Bu gün çox az ziyalımız 1918-1920-ci illərin mətbuatı ilə yaxından tanış ola bilir. Ona görə də həmin dövrün qəzet və məqalələrinin üzə çıxarılması və nəşri qarşıda duran vacib vəzifələrdəndir”.