Azərbaycan–Qırğızıstan ticarətində yeni mərhələ: Dövriyyə 77 milyon dolları keçib
Son illər Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstan ilə strateji tərəfdaşlığı daha da dərinləşir.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də iqtisadi və ticarət əlaqələridir.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 93 faiz artaraq 77 milyon dollara çatıb. Ötən il iki ölkə arasında 236 məhsul növü üzrə ticarət əlaqələri həyata keçirilib.
Vüqar Bayramov qeyd edib ki, ticarət dövriyyəsində Qırğızıstan 30 milyon dollarlıq müsbət saldoya malikdir.
“Qardaş ölkə ilə idxal və ixracda iki məhsul qrupu dominant hesab olunur. Qırğızıstandan idxalımızın 83 faizini qızıl məmulatları, ixracımızın isə yarısını nəqliyyat vasitələri təşkil edir. 2025-ci ildə Azərbaycan Qırğızıstandan 44,7 milyon dollar dəyərində qızıl alıb. “710813” məhsul kodu üzrə rəsmiləşdirilən bu idxal UNSD təsnifatına əsasən qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl kimi qruplaşdırılır”, – deyə deputat vurğulayıb.
Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın Qırğızıstana ixracında isə minik avtomobilləri xüsusi çəkiyə malik olub. Belə ki, mühərrikinin həcmi 3000 kub santimetrdən çox olan, yalnız qığılcımdan alışan porşenli daxili yanma mühərrikli nəqliyyat vasitələri üzrə ixracın dəyəri 12 milyon dollar təşkil edib.
Deputat digər idxal məhsullarının da ticarət dövriyyəsində mühüm paya malik olduğunu bildirib. Onun sözlərinə görə, Qırğızıstandan 3,1 milyon dollar dəyərində qabığı təmizlənmiş yunan qozu, 1,9 milyon dollar dəyərində günəbaxan toxumu və 1,2 milyon dollar dəyərində qurudulmuş mərci idxal edilib.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın Qırğızıstana ixrac etdiyi digər məhsullar arasında sürtkü yağları – 3,6 milyon dollar, metalın emalı üçün emal mərkəzləri və üfüqi aqreqat dəzgahlar isə 1,3 milyon dollarla xüsusi çəkiyə malikdir.
“İki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması üçün potensial kifayət qədər yüksəkdir. Xüsusən ticarətin dayanıqlılığı baxımından məhsul növləri üzrə şaxələndirməyə nail olmaq olduqca vacibdir. İdxal və ixracın daha çox məhsul qruplarını əhatə etməsi həm ticarət əlaqələrinin dayanıqlığını artırar, həm də qarşılıqlı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradar”, – deyə Vüqar Bayramov əlavə edib.
Vural










