Azərbaycan qlobal iqlim gündəliyində təşəbbüskar mövqeyini möhkəmləndirir - ŞƏRH
İqlim dəyişmələri bu gün bəşəriyyətin qarşısında dayanan ən ciddi qlobal çağırışlardan biridir. Artıq bu məsələ yalnız ətraf mühitin qorunması ilə məhdudlaşmır, iqtisadi inkişaf, enerji və ərzaq təhlükəsizliyi, su ehtiyatları gələcək nəsillərin təhlükəsizliyi ilə birbaşa bağlı olan strateji məsələyə çevrilib. Belə bir şəraitdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qəbul olunan qərarların icrasının təmin edilməsi və dövlətlər arasında etimadın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
ERAmedia xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.
S.Salmanova bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim prosesindəki rolunu yeni mərhələyə yüksəldib: “COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq etimadının mühüm göstəricisi idi. Azərbaycan bu mötəbər tədbir çərçivəsində yalnız ev sahibi kimi çıxış etmədi, həm də fərqli mövqeləri olan dövlətlər arasında dialoqun qurulmasına, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və konsensusun əldə olunmasına öz töhfəsini verdi. Bakının Şərqlə Qərb, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq məkanı kimi çıxış etməsi Azərbaycanın çoxşaxəli diplomatiyasının daha bir ifadəsinə çevrildi. COP29-un mühüm nəticələri sırasında iqlim maliyyələşdirilməsi üzrə razılaşma, karbon bazarları ilə bağlı mexanizmlərin inkişaf etdirilməsi və itki və zərər məsələsində irəliləyişlərin əldə olunması xüsusi qeyd edilməlidir. Bu nəticələr bir daha göstərdi ki, iqlim siyasətinin əsas meyarı qəbul edilən sənədlərin və verilən vədlərin real nəticələrə çevrilməsidir. Azərbaycan COP29 Sədrliyi dövründə məhz bu yanaşmanı təşviq edərək iqlim gündəliyinin siyasi bəyanatlardan praktiki əməkdaşlığa keçməsinə çalışdı”.
Onun sözlərinə görə, Bakı İqlim Həftəsinin keçirilməsi də bu prosesin məntiqi davamıdır. Tədbir COP29-un nəticələrinin gündəlik praktikaya daşınması, müxtəlif tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və iqlim öhdəliklərinin icrası baxımından mühüm platformadır.
“Bakı İqlim Həftəsi hökumətləri, beynəlxalq təşkilatları, biznes dairələrini, şəhərləri, elm və akademik ictimaiyyəti, gəncləri və vətəndaş cəmiyyətini bir araya gətirməklə iqlim gündəliyinin daha geniş müzakirəsinə imkan yaradır. Burada əsas məsələ yalnız yeni təşəbbüslərin səsləndirilməsi deyil, onların konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsidir. İqlim maliyyəsinin əlçatanlığının artırılması, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi, emissiyaların azaldılması və şəffaflığın gücləndirilməsi kimi məsələlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu mənada Bakı artıq yalnız qlobal iqlim qərarlarının müzakirə edildiyi məkan deyil, həmin qərarların icrası ilə bağlı fikir və təcrübə mübadiləsinin aparıldığı, yeni tərəfdaşlıqların formalaşdığı platforma kimi də öz mövqeyini möhkəmləndirir”, – deyə o qeyd edib.
Deputat bildirib ki, Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi töhfələr beynəlxalq tədbirlərlə məhdudlaşmır. Ölkənin milli enerji siyasətində də yaşıl keçid istiqaməti getdikcə daha geniş yer tutur. Azərbaycanın enerji siyasətində ənənəvi enerji təhlükəsizliyi ilə bərpaolunan enerji inkişafının paralel şəkildə həyata keçirilməsi mühüm üstünlükdür.
“Ölkəmiz uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Bununla yanaşı, Günəş və külək enerjisi layihələrinin reallaşdırılması, bərpaolunan enerji potensialından daha səmərəli istifadə və yaşıl enerjinin gələcəkdə ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu yanaşma Azərbaycanın enerji keçidinə yalnız ekoloji məsələ kimi deyil, həm də iqtisadi inkişaf, enerji təhlükəsizliyi və regional əməkdaşlıq baxımından yanaşdığını göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialından istifadə ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın yeni inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir”, – deyə Səbinə Salmanova əlavə edib.










