media-7e7d5c9fcaaa4cb10f3ec7d259f5f7e3

Azərbaycan ilə Almaniya arasında yüksəksəviyyəli siyasi dialoqun nəticəsi olaraq imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. Bu Bəyannamə ölkəmizin gələcəyi üçün strateji tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəddir.

ERAmedia xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Anatoliy Rafailov deyib.

O qeyd edib ki, hazırda Avropanın enerji təhlükəsizliyindən danışarkən Azərbaycanın rolunu xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropanın etibarlı və məsuliyyətli enerji tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi artıq yalnız iqtisadi layihə deyil, Avropanın enerji təhlükəsizliyinin mühüm təminatlarından biridir. Almaniya şirkətləri ilə imzalanan 10 illik müqavilə çərçivəsində ilkin mərhələdə illik 1,5 milyard kubmetr, növbəti mərhələdə isə 2 milyard kubmetrədək Azərbaycan qazının Almaniyaya nəqli ölkəmizin Avropanın enerji təminatında artan rolunun daha bir təsdiqidir.

“Eyni zamanda, Prezident İlham Əliyevin səsləndirdiyi prinsipial mövqe xüsusi diqqətəlayiqdir. Əgər Avropa Azərbaycan qazının həcmini artırmaq niyyətindədirsə, hasilatın genişləndirilməsi və yeni ixrac marşrutlarının inkişafı üçün zəruri investisiyaların cəlb olunmasına da adekvat dəstək verməlidir. Bu, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın məntiqi tələbidir. Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması ölkəmizin həyata keçirdiyi uğurlu xarici iqtisadi siyasətin və investisiya mühitinin beynəlxalq səviyyədə artan etimadının bariz göstəricisidir. Həmçinin Azərbaycanın qarşısında duran əsas prioritetlərdən biri azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ən müasir standartlara uyğun şəkildə yenidən qurulmasıdır. Almaniyanın sənaye, mühəndislik və yüksək texnologiyalar sahəsindəki zəngin təcrübəsi bu prosesdə mühüm rol oynaya bilər. Xüsusilə alman şirkətlərinin yaşıl enerji, “Ağıllı şəhər” konsepsiyası, rəqəmsal iqtisadiyyat, innovasiya və sənaye istehsalı sahələrinə investisiyalarının cəlb edilməsi həm regionun sürətli inkişafına, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi strategiyasına mühüm töhfə verəcək”, – deyə deputat vurğulayıb.

Anatoliy Rafailov artıq Azərbaycanın özünü etibarlı tərəfdaş kimi enerji sahəsində sübut etdiyinə diqqət çəkib: “Bütün dünyaya aydındır ki, bugünkü Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən, Avrasiya nəqliyyat marşrutlarını birləşdirən, regional sülh təşəbbüslərinin müəllifi olan və qlobal iqtisadi əməkdaşlığın mühüm iştirakçısına çevrilmiş dövlətdir. Almaniya ilə münasibətlərin yeni mərhələsi də məhz bu reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqidir”.


media-adspc

Bənzər xəbərlər