Azərbaycan Qran-Prisinin qalibi bu gün məlum olacaq
Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
ERAmedia xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha sonra Formula 1 üzrə əsas yarış start götürəcək. Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. “Uilyams”da çıxış edən Karlos Sayns ikinci, “Reysinq Bulls”dan Liam Louson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
Formula 2 üzrə sprint yarışında isveçli Dino Beqanoviç (“TGR”) birinci, britaniyalı Luke Brouninq (“TGR”) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin”) üçüncü yeri tutub.
Pilotların siyahısında “McLaren”də çıxış edən Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci, Maks Ferstappen 230 xalla üçüncü yeri tutub.
Konstruktorlar kubokuna isə 617 xalla “McLaren” komandası başçılıq edir. “Ferrari” 280 xalla ikinci, “Mersedes” 260 xalla üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Red Bull” (239), “Uilliams” (86), “Aston Martin” (62), RB (61), “Kick Sauber” (55), “Haas” (44), “Alpine” (20) komandaları qərarlaşıblar.