media-aydin-qaradagli

Azərbaycan radio diktorluğu məktəbinin formalaşmasında mühüm rol oynayan mərhum sənətkar Aydın Qaradağlının doğum günüdür. O, 1929-cu ildə Qubada dünyaya gəlib və uzun illər ərzində özünəməxsus səsi, düzgün nitqi və peşəkarlığı ilə dinləyicilərin yaddaşında silinməz iz qoyub.

ERAmedia xəbər verir ki, Aydın Qaradağlı hələ gənc yaşlarından radio ilə bağlanıb və 1946-cı ildə Azərbaycan SSR Dövlət Radiosunda diktor kimi fəaliyyətə başlayıb. O zaman onun cəmi 17 yaşı olub.

Sənətkarın yaradıcılıq yolu bununla məhdudlaşmayıb. O, M.F.Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsində təhsil alıb, daha sonra Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illərdə Sovet Ordusunda xidmət etdikdən sonra yenidən yaradıcılıq fəaliyyətini davam etdirib.

Aydın Qaradağlının Azərbaycan diktorluq sənətindəki xidmətləri dövlət səviyyəsində də qiymətləndirilib. O, Azərbaycanda diktorlar arasında ilk dəfə “Əməkdar artist” fəxri adına layiq görülən sənətkar kimi tarixə düşüb.

Onun səsi bu gün də Azərbaycan radiosunun “Qızıl fondu”nda qorunub saxlanılan qiymətli audioyazılarda yaşayır. Qaradağlının ifasında Nizami, Füzuli, Xurşidbanu Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və Hüseyn Arif kimi görkəmli Azərbaycan ədiblərinin əsərləri səsləndirilib.

Aydın Qaradağlı 28 yanvar 1980-ci ildə Bakıda vəfat edib. Aradan uzun illər keçməsinə baxmayaraq, onun sənət irsi və radio efirlərindən gələn əlamətdar səsi Azərbaycan mədəniyyətinin yaddaşında yaşamaqda davam edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər