Azərbaycan regionlarının potensialına uyğun öz inkişaf modelini formalaşdırmaq lazımdır - Tahir Mirkişili
Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycanın hər bir bölgəsinin özünəməxsus potensialından istifadə edərək öz inkişaf modelinin formalaşdırılmasını təklif edib.
ERAmedia-nın məlumatına görə, parlamentin Regional məsələlər komitəsinin keçirdiyi “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxış edən deputat hər bir iqtisadi rayonun özünəməxsus üstünlüyü olduğunu qeyd edib:
“Bir bölgədə kənd təsərrüfatı və emal sənayesi, digərində turizm, logistika, sənaye istehsalı və ya alternativ enerji daha böyük potensiala malikdir. Regional siyasətin bu fərqləri nəzərə alması, hər bir bölgənin öz iqtisadi inkişaf modelinin formalaşdırılması bu potensilalın real iqtisadi artıma çevrilməsinə mühüm imkan yaradacaq”.
Tahir Mirkişili hesab edir ki, növbəti mərhələdə hər bir iqtisadi rayon üzrə investisiya imkanlarının, rəqabət üstünlüklərinin və yeni məşğulluq mənbələrinin sistemli şəkildə müəyyənləşdirilməsi daha səmərəli ola bilər.
“Dövlətin yaratdığı infrastruktur özəl sektorun inkişafına, özəl sektorun inkişafının isə yeni iş yerlərinə və büdcə gəlirlərinə çevrilməsi effektiv bir iqtisadi dairə sayılır”, – o deyib.









