Azərbaycan səfirliyinə hücum beynəlxalq MÜSTƏVİDƏ
Ölkəmizin Kiyevdəki səfirliyinə vəhşi hücum Belçika hökuməti tərəfindən pislənilib. Rusiyanın Belçikadakı səfirliyi isə hesab edir ki, ölkənin xarici işlər naziri Maksim Prevost əsassız olaraq Rusiya qoşunlarını Kiyevdəki Azərbaycan səfirliyinə zərər vurmaqda ittiham edir.
Bu barədə “Kommersant” məlumat yayıb.
Diplomatik missiya bu cür nəticələri tələsik və əsassız adlandırıb.
Səfirlik daha da irəli gedərək iddia edir ki, Azərbaycan diplomatik missiyasının binasına Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən atılan raketlərin dağıntıları nəticəsində ziyan dəyib.
ERAmedia xatırladır ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın “İsgəndər” raketlərindən birinin ölkə səfirliyinin ərazisinə düşdüyünü bəyan etsə də, Moskva Bakının ittihamlarına münasibət bildirməyib. Noyabrın 15-də isə Maksim Prevost Rusiyanı Ukraynadakı yaşayış məntəqələrini və mülki şəxsləri qəsdən hədəf almaqda ittiham edib.










