Azərbaycan sonuna qədər mövqeyini müdafiə etmək gücündədir - TƏHLİL
Ramzan Kadırovun bugünkü Bakı səfərinə adi səfər deyib keçmək düzgün olmaz. 2024-cü ilin dekabrında Qroznı səmasında vurulan AZAL təyyarəsindən sonra bəzi hərbçilərin mükafatlandırılması haqlı olaraq Azərbaycan cəmiyyətinin narazılığına səbəb olmuşdu. Məhz bu hadisə iki ölkə arasında ciddi böhrana səbəb oldu, münasibətləri sadəcə sərinlətmədi, bir çox sahədə kəskin soyutdu.
Prezident İlham Əliyevin birmənalı mövqeyi, faktların cəmiyyətlə açıq bölüşülməsi Rusiyanın məsuliyyətdən qaçmaq imkanını məhdudlaşdırdı və sonda rəsmi Moskva təyyarənin vurulması ilə bağlı günahını etiraf etməli oldu.
Məhz Düşənbə sammitindən sonra yazmışdım ki, prezidentlər arasında görüş və Putinin üzr istəməsi soyumuş münasibətləri dərhal isitməyəcək. Bu, bir neçə mərhələli prosesdir və buna zaman lazımdır.
Ramzan Kadırovun bu gün Bakıya səfəri məhz bu sonuncu mərhələdir. Bu səfər birbaşa Kremlin razılığı ilə reallaşdırıldı. Ramzan Kadırovun görüşdə oxuduğu vərəqlər də Qroznıda yazılıb, Kremldə təsdiqlənmiş çıxış idi.
Ramzan Kadırovun Bakıya səfərinin birinci məqsədi İlham Əliyev və Azərbaycan xalqından baş vermiş hadisəyə görə üzr istəmək idi. Açıq deməsə də, dolayısı ilə bunu ifadə etdi.
İlkin baxışda Azərbaycan Prezidenti Ramzan Kadırova protokol jesti etdi. İlham Əliyevin şəxsən avtomobil idarə etməsi və Kadırovu Ağ Şəhərdə müşayiət etməsinin də bir siyasi mənası var.
Bir liderin digər liderin avtomobilinə əyləşməsi, birlikdə hərəkəti münasibətlərin normal olduğu dönəmdə qarşılıqlı etibar göstəricisidir. Ancaq indiki halda bu, qarşılıqlı etibardan çox, regionda sükanın kimin əlində olmasının nümayişidir.
Prezident İlham Əliyev bu gün bir daha nümayiş etdirdi ki, haqlı tərəf Azərbaycandır, sükan onun əlindədir və o zəif deyil, güclüdür. Azərbaycan sonuna qədər mövqeyini müdafiə etmək gücündədir.
Ağ Şəhər ziyarəti bir tərəfdən memarlıq layihəsi kimi oxunursa, digər tərəfdən simvolik olaraq münasibətlərdə qara dönəmin başa çatmasının və yeni ağ dönəmin başlamasının simvolu kimi qəbul edilə bilər.
İran və Rusiya ətrafında baş verənlər hər keçən gün Azərbaycanın geostrateji əhəmiyyətini hər iki ölkə üçün artırmaqdadır. Qərbin sanksiyalarından əziyyət çəkən həm Tehran, həm də Moskva iqtisadi əlaqələrinin dərinləşdirilməsinə çalışırlar. İran Rusiya, Rusiya isə İran bazarında mövqelərini gücləndirməyə çalışır. Ancaq hər iki tərəfin arzularının çin olması rəsmi Bakı ilə münasibətlərdən asılıdır.
Aqil MƏMMƏDOV,
Siyasi şərhçi










