media-whatsapp-image-2026-07-24-at-10-23-43

Nəsibə Zeynalovanın həyat yoldaşı Mütəllim Novruzovla birlikdə çəkilmiş nadir fotosu sosial şəbəkələrdə paylaşılıb və maraqla qarşılanıb.

ERAmedia xəbər verir ki, görüntü Azərbaycanın unudulmaz Xalq artistinin şəxsi həyatı ilə bağlı diqqətçəkən məqamlardan birini yenidən gündəmə gətirib.

Nəsibə Zeynalova təkcə səhnədə yaratdığı yaddaqalan obrazlarla deyil, həm də köklü sənətkar ailəsinin nümayəndəsi kimi Azərbaycan mədəniyyət tarixində xüsusi yer tutur. Onun atası Cahangir Zeynalov dövrünün tanınmış tacirlərindən biri olmaqla yanaşı, milli realist aktyor məktəbinin banilərindən və peşəkar teatr sənətinin öncüllərindən hesab olunur.

Cahangir Zeynalov yeganə övladı olan Nəsibənin gələcəkdə səhnə sənətinə gəlməsini və öz yolunu davam etdirməsini arzulayırdı. Lakin taleyin hökmü ilə bu arzunun reallaşdığını görmək ona nəsib olmayıb.

1918-ci ilin mart hadisələri zamanı Bakıda törədilən qırğınlar səbəbindən ailə İrana sığınmağa məcbur olub. Həmin ilin sentyabrında Bakıya qayıdarkən Cahangir Zeynalov gəmidə yatalaq xəstəliyinə yoluxub və qısa müddət sonra vəfat edib. O zaman Nəsibə Zeynalovanın cəmi iki yaşı var idi.

Atasını erkən yaşda itirməsinə baxmayaraq, Nəsibə Zeynalova onun ən böyük arzusunu gerçəkləşdirərək Azərbaycan teatr və kino sənətinin ən parlaq simalarından birinə çevrildi. Yaratdığı unudulmaz obrazlar və özünəməxsus ifa üslubu ilə o, realist aktyor məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi milli mədəniyyət tarixində silinməz iz qoydu.

Sosial şəbəkələrdə yayılan ailə fotosu isə sənətkarın şəxsi həyatı ilə yanaşı, onun keçdiyi keşməkeşli həyat yolunu və zəngin sənət irsini bir daha xatırladıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər