Azərbaycan Texniki Universitetində beynəlxalq standartlı təhsil mərkəzi açıldı
Azərbaycan Texniki Universitetində (AzTU) AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbi yaradılıb. Bununla bağlı tərəflər arasında müqavilənin imzalanması mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, yeni təhsil mərkəzi universitet-sənaye əməkdaşlığının genişləndirilməsi məqsədilə təsis olunub. Məktəbdə tələbələr nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə etmək imkanı qazanacaqlar.
Layihənin həyata keçirilməsinə AZCON və Almaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Münhen Texniki Universiteti dəstək verir. Tədris prosesində bu universitetin akademik standartları və kurikulumu tətbiq olunacaq.
Təhsil tamamilə ingilis dilində və ödənişsiz əsaslarla təşkil ediləcək. Proqramı uğurla başa vuran məzunlara Azərbaycan Texniki Universitetinin diplomu ilə yanaşı, Münhen Texniki Universitetinin sertifikatı da təqdim olunacaq.
Bildirilib ki, məktəbin imkanlarından yalnız AzTU tələbələri deyil, Azərbaycanın digər ali təhsil müəssisələrinin tələbələri də yararlana biləcəklər.
Vüsalə









