Azərbaycan–Türkiyə iqtisadi əlaqələri yeni mərhələdə
Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi”nin 5 illiyi ərəfəsində iki ölkə arasında münasibətlərin inkişaf dinamikası daha çox diqqət çəkir.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əlaqələrin bütün sahələrdə strateji səviyyəyə yüksəlməsinə ciddi təkan verib.
Deputatın açıqlamasına görə, Bəyannamənin imzalanmasından əvvəl Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 4 milyard 160 milyon dollar idisə, ötən il bu göstərici 5 milyard 720 milyon dollara çatıb. Bu isə təxminən 28 faizlik artım deməkdir.
Hazırda Azərbaycan xarici ticarət dövriyyəsinin 11,6 faizi Türkiyənin payına düşür və bu göstərici ilə Türkiyə Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda, Türkiyə Azərbaycan ixracında da 13,5 faiz payla ikinci yerdə qərarlaşıb.
Qeyri-neft ixracında da oxşar tendensiya müşahidə olunur: bu sahədə Türkiyənin payı 16,5 faiz təşkil edir və o, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi mövqeyini möhkəmləndirir.
İqtisadi əməkdaşlıq təkcə ticarətlə məhdudlaşmır. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 18 milyard dollar sərmayə yatırıb.
Qeyd edilir ki, “Şuşa Bəyannaməsi”nin nəticələri iki ölkə arasında yalnız iqtisadi deyil, həm də siyasi və strateji müttəfiqliyin daha da dərinləşməsini təmin edib.
Əlihüseyn Salam









