media-1768387678254-991497329

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Antalya Diplomatiya Forumu artıq təkcə regional deyil, qlobal məsələlərin müzakirə olunduğu nüfuzlu platformaya çevrilib.

Deputatın sözlərinə görə, dövlət başçısının bu forumda iştirakı Azərbaycanın beynəlxalq təşəbbüslərə və qlobal dialoqa verdiyi önəmin göstəricisidir. O qeyd edib ki, qardaş Türkiyə Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir və iki ölkə arasında əməkdaşlıq bütün sahələr üzrə dinamik inkişaf edir.

Vüqar Bayramov vurğulayıb ki, 2025-ci ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar təşkil edib. “Bu dövrdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət ticarət saldosuna malik olub. Qarşıya qoyulan əsas məqsəd isə iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır”, – deyə deputat əlavə edib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür və bu, Türkiyəni İtaliyadan sonra ölkəmizin ikinci ən böyük ticarət tərəfdaşına çevirir. O, həmçinin bildirib ki, Türkiyə Azərbaycanın ixracında da ikinci yerdədir və qeyri-neft-qaz ixracında bu ölkənin payı 16.5 faizə çatır.

Vüqar Bayramovun sözlərinə görə, iqtisadi münasibətlər yalnız ticarətlə məhdudlaşmır:

“İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırıb. Bu, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın göstəricisidir”.

Deputat qeyd edib ki, dövlət başçıları arasında qarşılıqlı səfərlər iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Onun fikrincə, Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq.


media-adspc

Bənzər xəbərlər